Azər Bağırov “Sabah”la oyundan sonra qış transferindən danışdı

8 Noyabr 2026 20:56
38
Azər Bağırov “Sabah”la oyundan sonra qış transferindən danışdı

“Şamaxı” futbol komandasının baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 11-ci turunda səfərdə “Sabah”la 2:2 hesablı heç-heçəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından razı qaldığını bildirib.

“İlk növbədə, hər kəsi Zəfər Günü münasibətilə təbrik edirəm. Bu qələbədə əməyi olan hər kəsə, başda Prezident İlham Əliyev olmaqla, təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq versin. “Sabah”ın necə komanda olduğunu bilirdik. Çempionlar Liqasında yaxşı mübarizə aparırlar. Çempionatımızın ən güclü komandalarından birinə qarşı oynayırdıq. Futbolçulara meydanda sona qədər mübarizə aparmağı tapşırmışdıq. Bu gün əsl mübarizə gördük. Bir xal qazandıq, daha çoxu da ola bilərdi. “Sabah”a uğurlar arzulayıram”, - deyə baş məşqçi söyləyib.

Bağırov komandasının iki xal itirməsi fikri ilə razılaşmayıb:

“Biz bir xal qazandıq. “Sabah”la səfərdə oynayırdıq. İtirilən xallar barədə düşünmək istəmirəm. Futbolçulara da dedim ki, mənim üçün əsas meydanda düşünərək oynamaqdır. Məğlub olsaydıq belə, bugünkü çıxışımızdan razı qalacaqdım”.

Baş məşqçi mövsümün ilk dövrəsində komandasının göstərdiyi oyunu da dəyərləndirib:

“Bir oyun və bir hissəni çıxmaqla, 10 qarşılaşmada yaxşı çıxış etdik. Ən çox xoşuma gələn məqam odur ki, öz meydanımızda müdafiəyə çəkilmirik. Pressinq tətbiq etmək, dominant futbol oynamaq istəyirik. Futbolçulara müasir futbolu aşılamağa çalışırıq. Çempionatın ən gənc komandasıyıq və daha çox yerli oyunçulara üstünlük veririk”.

Mütəxəssis narazı qaldığı qarşılaşmaların “İmişli” ilə oyun və “Şəfa”ya qarşı matçın ilk hissəsi olduğunu açıqlayıb.

Bağırov heyətdə rotasiya imkanlarının məhdudluğuna da toxunub:

“Çalışıram ki, bütün futbolçulara şans verim və onların oyun praktikası qazanmalarına şərait yaradım. Statistikaya baxsaq, hücum xəttində müdafiəyə nisbətən daha çox rotasiya edirik. Bu, müdafiəçilərdən tam razı olduğumuz anlamına gəlmir, çünki qollar buraxırıq. Sadəcə, hücumda dəyişiklik etmək imkanımız daha genişdir. Emin Rüstəmov bütün matçlarda 90 dəqiqə meydanda olub və bir dəfə də əvəzlənməyib”.

Baş məşqçi qış transfer pəncərəsində komandanın gücləndirilməsinin mümkünlüyünü də təsdiqləyib:

“Bu barədə düşünürük. Hər şeyi zaman göstərəcək. Klub rəhbərliyi ilə danışıqlarımız olub. Çalışacağıq ki, qışda bir futbolçu transfer edərək heyətimizi gücləndirək”.

İdman.Biz