“Sumqayıt” futbol komandasının baş məşqçisi Filipe Kandido “İmişli” ilə qarşılaşmadan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının rəqibdən üstün oynadığını, lakin bunun qələbə üçün kifayət etmədiyini bildirib.
“Təxmin edirdim ki, balanslı oyun olacaq. Çünki indiyə qədər yalnız “Neftçi” və “Qarabağ” bu komandaya qalib gələ bilib. Turnir cədvəli baxımından da bizim üçün vacib qarşılaşma idi. Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi. 90 dəqiqə ərzində daha yaxşı qol vəziyyətləri yarada bilərdik. Rəqib kompakt müdafiə olunanda çətinlik yaranır. “İmişli”nin də əks-hücumlarda imkanları oldu. İlk dəfə idi ki, qol buraxmadıq. Amma məşqçi kimi qələbə qazanmağımızı istəyirdim. İkinci hissədə qol vurduq, lakin çox cüzi fərqlə oyundankənar vəziyyət qeydə alındı. Son səkkiz oyunda yalnız “Zirə”yə uduzmuşuq. Bununla belə, oyunumuzu inkişaf etdirməliyik”, - deyə Kandido bildirib.
Baş məşqçi Roy Kehatın son vaxtlar əsas heyətdə az yer almasının səbəbini də açıqlayıb:
“Roy bizim üçün çox vacib futbolçudur. O, ağır zədədən yeni qayıdıb. Çalışırıq ki, ona tədricən oyun imkanı yaradaq. Əvvəlki qarşılaşmada start heyətində meydana çıxmışdı. Gələcək oyunlarda komandaya necə kömək edə biləcəyini görüb qərar verəcəyik”.
Kandido “Sumqayıt”ın ilk altılıqdan uzaqlaşması və “Kəpəz”lə xal fərqinin yeddiyə çatması barədə suala da cavab verib.
“Təbii ki, ardıcıl heç-heçələr və xal itkiləri məni narahat edir. Yuxarı pillələrdən uzaqlaşmaq istəmirik. Amma çempionatdakı komandaların səviyyələri bir-birinə yaxındır. Hər biri digərinə qalib gəlmək gücündədir. Hazırkı vəziyyət məni narahat edir. Bununla belə, komandanın noyabrda və mövsümün sonunda hansı vəziyyətdə olacağına baxmaq lazımdır. Yekunu gözləmək daha yaxşı olar”, - deyə mütəxəssis vurğulayıb.
