Futbol üzrə Azərbaycan milli komandasının üzvləri 8 Noyabr - Zəfər Günü münasibətilə şəhid və qazi övladları ilə görüşüblər.
İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun təşkilatçılığı ilə keçirilən sosial tədbir çərçivəsində uşaqlar millinin təlim-məşq toplanışına qatılıblar.
Görüşdə AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva və Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov iştirak ediblər.
Tədbir zamanı şəhid və qazi övladları milli komandanın futbolçuları ilə söhbət edib, onlarla vaxt keçiriblər.
Görüşün sonunda AFFA tərəfindən uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, tədbirin əsas məqsədi şəhid və qazi övladlarına diqqət və qayğı göstərmək, onların sevincinə şərik olmaq və idmanın birləşdirici gücünü nümayiş etdirmək olub.
