“Araz-Naxçıvan” futbol komandasının üzvü Ülvi İsgəndərov Misli Premyer Liqasında 200-cü oyununu keçirib.
İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, futbolçunun yubileyi 11-ci turda “Şəfa” ilə səfər qarşılaşmasına təsadüf edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
2017/18 mövsümündə Azərbaycan çempionatında debüt edən İsgəndərov indiyədək üç komandanın formasını geyinib. O, “Sumqayıt”da 18 oyuna çıxaraq üç qol vurub.
Futbolçu “Qəbələ”nin heyətində 118 qarşılaşmada 17 dəfə fərqlənib. Hazırkı komandası “Araz-Naxçıvan”da isə 64 matç keçirərək beş qol müəllifi olub.
İsgəndərov Premyer Liqada keçirdiyi 200 oyunda ümumilikdə 25 qol vurub.
Qeyd edək ki, Ülvi İsgəndərov Azərbaycan çempionatının yüksək dəstəsində 200 və daha çox oyun keçirən 165-ci futbolçu olub.
