“Qarabağ” 15 ildən sonra antirekordun bir addımlığına yaxınlaşıb

“Qarabağ” 15 ildən sonra antirekordun bir addımlığına yaxınlaşıb

Azərbaycanın “Qarabağ” futbol komandası Misli Premyer Liqasında ardıcıl üç qarşılaşmada qol vura bilməyərək son 15 mövsümün ən uğursuz seriyasını təkrarlayıb.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Sabah” və “Qəbələ” ilə qolsuz heç-heçələrdən sonra 11-ci turda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub.

Ağdam təmsilçisi sonuncu dəfə 2011/12 mövsümündə ardıcıl üç çempionat oyununda fərqlənə bilməyib. Həmin vaxt “Qarabağ” avqustun 27-də “Qəbələ”yə 0:1, sentyabrın 17-də “Xəzər Lənkəran”a eyni hesabla uduzub, sentyabrın 11-də isə “Sumqayıt”la qolsuz heç-heçə edib.

Komandanın qolsuzluq seriyası sentyabrın 24-də AZAL üzərində 3:1 hesablı səfər qələbəsi ilə başa çatıb.

Maraqlıdır ki, “Qarabağ”ın Azərbaycan çempionatlarındakı ən uzun qolsuzluq seriyası dörd matçdır. Ağdam klubu tarixində iki dəfə belə uğursuzluqla üzləşib. Komanda növbəti qarşılaşmada da qol vura bilməsə, öz antirekordunu təkrarlayacaq.

Qurban Qurbanovun yetirmələri daha bir mənfi göstəriciyə imza atıblar. “Qarabağ” ardıcıl dörd çempionat oyununda qələbə qazana bilməyərək son 11 mövsümdə ilk dəfə belə vəziyyətlə üzləşib.

Ağdam təmsilçisi sonuncu dəfə 2015/16 mövsümündə ardıcıl dörd çempionat matçını qələbəsiz başa vurub.

“Qarabağ” hazırda 10 oyundan sonra 19 xalla dördüncü pillədədir. Komandanın növbəti qarşılaşması “Kəpəz”lə olacaq. Matç 22 noyabr, saat 17:00-da Gəncə şəhər stadionunda keçiriləcək.

İdman.Biz