Dambrauskas: “Külək oyuna mane olurdu, amma bu, bəhanə olmamalıdır”

8 Noyabr 2026 20:32
32
Dambrauskas: “Külək oyuna mane olurdu, amma bu, bəhanə olmamalıdır”

“Sabah” futbol komandasının baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 11-ci turunda “Şamaxı” ilə 2:2 hesablı heç-heçəni şərh edib.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında nəticədən narazılığını bildirib.

“İlk növbədə, Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Hər oyuna qələbə qazanmaq üçün hazırlaşırıq. Bugünkü qarşılaşma enişli-yoxuşlu keçdi. İlk 20 dəqiqədə oyuna nəzarət edirdik, lakin sonra vəziyyət dəyişdi. Rəqibə əks-hücumlar üçün imkan yaratdıq. Azarkeşlər üçün 2:2 hesabı maraqlı görünə bilər. Üçüncü qolu vurub qalib gələ bilərdik, amma rəqib də fərqlənə bilərdi. Turnir cədvəlində ilk beşlikdəyiksə, bu nəticə bizim üçün qəbuledilməzdir”, - deyə Dambrauskas bildirib.

Baş məşqçi komandasının ikinci qolundan sonra hakimə etiraz etməsinə də aydınlıq gətirib:

“Üç gün əvvəl Çempionlar Liqasında oynayırdıq. Orada müəyyən qaydalar var və onlara riayət olunur. İstərdik ki, daxili çempionatda da həmin qaydalara əməl edilsin. Xüsusi bir hadisə baş vermədi. Nə danışdıqsa, meydanda həll olundu. Hakimlikdən şikayət edə bilmərəm”.

Dambrauskas sıx oyun qrafikindən və milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilədən də danışıb.

“Futbolçulara verəcəyimiz üç-dörd günlük istirahət faydalı ola bilər. Biz Çempionlar Liqasında iştirak etmək istəyirdik və bunun asan olmayacağını bilirdik. Noyabr və dekabr aylarının daha çətin keçəcəyini də anlayırdıq. Belə vəziyyətlərin öhdəsindən gəlmək üçün inkişaf etməli və daha güclü olmalıyıq”.

Mütəxəssis hava şəraitinin nəticəyə təsir göstərməsi ehtimalını isə qəbul etməyib.

“Külək birinci hissədə bir komandaya, ikinci hissədə digərinə mane olurdu. Futbolçular belə şəraitə uyğunlaşmalıdırlar. Bir müddət əvvəl süni örtüklü, bu gün isə təbii örtüklü meydançada oynadıq. Peşəkar olmaq lazımdır. Bunlar bəhanə ola bilməz”.

Dambrauskas Çempionlar Liqasından sonra daxili çempionat oyunlarına uyğunlaşmağın çətinliyini də etiraf edib:

“Qarabağ” 12 ildir avrokuboklarda çıxış edir. Onların bu baxımdan təcrübəsi daha çoxdur. Biz isə yeniyik. Əsas çətinliklərdən biri fərqli heyətlərlə oynamağımızdır. Daim eyni heyətlə çıxış etsək, futbolçular bir-birini daha yaxşı başa düşərlər. Çoxlu rotasiya zamanı isə meydandakı anlaşma zəifləyir və ən yaxşı oyunumuzu göstərmək çətinləşir”.

Baş məşqçi problemin qısa müddətdə həllinin mümkün olmadığını vurğulayıb:

“Ötən mövsüm yüksəlişə keçmək üçün bizə üç-dörd ay lazım oldu. Futbolçular 15-20 oyundan sonra bir-birini daha yaxşı başa düşməyə başladılar. “Vikinq”lə matçdan sonra burada eyni ritmi tutmaq asan deyil. Bunun xüsusi resepti yoxdur. Aptek deyil ki, dərman qəbul edəsən və ağrı keçsin. Kifayət qədər vaxtımız yoxdur. Vaxt olanda da səfərdə oluruq və ya bərpa prosesi ilə məşğul oluruq. Qarşıdakı iki həftəlik fasilədə futbolçular arasında anlaşmanı yaxşılaşdırmağa çalışacağıq”.

İdman.Biz