“Düşünürəm ki, ilk dövrə komandamız üçün uğurlu keçdi. Bir-iki qarşılaşmanı çıxmaq şərtilə, digər oyunlarda yaxşı performans sərgilədiyimizi düşünürəm. Ümumilikdə komandanın nümayiş etdirdiyi oyundan razıyam”.
Bu sözləri “Şamaxı”nın futbolçusu Uğur Cahangirov deyib.
25 yaşlı hücumçu “Sabah”la 2:2 hesablı heç-heçəni dəyərləndirib.
“Səfərə yollanarkən baş məşqçimiz bizi ən azı bir xalla qayıtmağa kökləmişdi. Nəticədə istəyimizə nail olduq. Bununla belə, düşünürəm ki, qələbə qazanmaq üçün də imkanlarımız var idi. Təəssüf ki, fürsətdən yararlana bilmədik. Xarakterli komandamız var. “Neftçi” ilə qarşılaşmada da iki dəfə hesabda geri düşməyimizə baxmayaraq, bərabərliyi təmin etmişdik. Lakin son dəqiqələrdə məğlub olmuşduq. Bu dəfə isə ən azı bir xal qazanmağı bacardıq”, - deyə o futbolinfo.az-a açıqlamasında bildirib.
Cahangirov mövsümün ilk yarısında komandanın əldən buraxdığı xalların səbəblərinə toxunaraq müdafiə xəttindəki problemləri aradan qaldırmağın vacibliyini vurğulayıb:
“Bir-iki qarşılaşmada potensialımızdan aşağı çıxış etdik. Həmin oyunlarda da xal qazana bilsəydik, hazırda turnir cədvəlində daha yüksək pillədə qərarlaşardıq. Bunun üçün ilk növbədə müdafiədə daha diqqətli olmalıyıq. Demək olar ki, hər oyunda qol vurmağı bacarırıq, lakin eyni zamanda qapımızda da çox qol görürük. Bu çatışmazlığı aradan qaldırmalı, müdafiə oyununu yaxşılaşdırmalıyıq. Bunun üzərində ciddi işləməliyik. Müdafiədəki problemləri həll edə bilsək, daha yaxşı nəticələr qazanarıq”.
Uğur “Şamaxı”nın hədəflərindən və azarkeş dəstəyinin əhəmiyyətindən də danışıb:
“Əsas hədəfimiz turnir cədvəlində daha yüksək pillələrdə qərarlaşmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Komandamız baxımlı futbol sərgiləyir. Turnir cədvəlində komandalar arasındakı xal fərqi də böyük deyil. Buna görə hər xalın xüsusi əhəmiyyəti var. Azarkeşlərimizi stadionda bizi dəstəkləməyə çağırırıq. Onların dəstəyi bizim üçün çox önəmlidir”.
Şəxsi çıxışını dəyərləndirən futbolçu mövsümün qalan hissəsində daha yaxşı performans sərgiləməyə çalışacağını bildirib:
“Açığı, fərdi performansımdan tam razı deyiləm. Bununla belə, son turlarda formamı getdikcə yaxşılaşdırdığımı düşünürəm. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyəm”.
