UEFA İnfantinoya qarşı Arsen Vengeri FIFA prezidenti etmək istəyir

9 Noyabr 2026 07:28
48
UEFA İnfantinoya qarşı Arsen Vengeri FIFA prezidenti etmək istəyir

UEFA-nın yüksək vəzifəli nümayəndələri İngiltərənin “Arsenal” futbol komandasının sabiq baş məşqçisi Arsen Vengeri FIFA prezidentliyinə namizəd olmağa razı salmağa çalışırlar.

İdman.Biz “talkSPORT”a istinadən xəbər verir ki, UEFA rəhbərliyində 77 yaşlı fransalı mütəxəssis FIFA-nın hazırkı prezidenti Canni İnfantinoya qarşı seçkilərdə əsas namizəd kimi nəzərdən keçirilir.

Məlumata görə, UEFA Vengerlə danışıqları davam etdirməklə yanaşı, digər mümkün namizədləri də qiymətləndirir. Qurum ən geci gələn həftə öz namizədini açıqlamağa ümid edir.

2018-ci ildə “Arsenal”dan ayrılan Venger hazırda FIFA-nın qlobal futbolun inkişafı üzrə rəhbəri vəzifəsində çalışır.

UEFA ilə İnfantino arasında münasibətlərin kəskinləşməsinə FIFA prezidentinin dünya çempionatı ilə bağlı kommersiya planlarının səbəb olduğu bildirilir. İddiaya əsasən, İnfantinonun turnirlə əlaqəli payların satışına dair uğursuz təşəbbüsü Avropa futbol qurumlarının narazılığını artırıb.

Uels Futbol Assosiasiyası artıq İnfantinonun 2027-2031-ci illər üçün yenidən prezident seçilməsini dəstəkləməyəcəyini rəsmən açıqlayıb. Ardınca İngiltərə Futbol Assosiasiyası da eyni mövqeni nümayiş etdirib.

Bundan başqa, UEFA-nın dünya çempionatı ilə bağlı ləğv edilmiş planlarda İnfantinonun roluna görə cinayət-hüquqi tədbirlər görmək imkanlarını araşdırdığı iddia olunur.

Vengerin Avropa futbolunda geniş nüfuza malik olduğu vurğulansa da, FIFA prezidentinin seçilməsində digər qitə konfederasiyalarının mövqeyi də həlledici əhəmiyyət daşıyır. İnfantinonun xüsusilə Afrika və Yaxın Şərqdə güclü dəstəyə malik olduğu bildirilir.

Bununla belə, fransalı mütəxəssisin prezident seçkilərində iştirak etməyə razılıq verib-verməyəcəyi hələ məlum deyil.

İdman.Biz