Aslan Kərimov: “Çempionluq uğrunda mübarizədə iki komanda görürəm”

23 Sentyabr 2026 11:57
46
Aslan Kərimov: “Çempionluq uğrunda mübarizədə iki komanda görürəm”

“Turniri artıq iki hissəyə bölmək olar. Bunu çempionatdan əvvəl də təxmin edirdim. Yəni potensialına, maliyyə durumuna və dayanıqlığına görə çempionatımızı iki hissəyə bölmək mümkündür”.

Bu sözləri Azərbaycan millisinin və “Qarabağ”ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov Misli Premyer Liqasının altıncı turunun oyunlarından sonra komandalardan gözləntilərini bölüşərkən deyib.

Ekspert turnir cədvəlinin yuxarı hissəsindəki komandaların durumunu və çempionluq şanslarını dəyərləndirib.

“İlk “5-lik”də olan komandalarımız “Sabah”, “Qarabağ”, “Neftçi”, “Turan Tovuz” və “Zirə”dir. Bu komandaların həm ötən çempionatdakı sabit çıxışı, həm maliyyə durumları, həm də oyunçu keyfiyyəti digər komandaların bunlarla mübarizə aparmasını çətinləşdirir. Yuxarı beşliyi də iki yerə bölmək olar. Çempionluq uğrunda mübarizədə, sözün düzü, iki komandanı - “Sabah” və “Qarabağ”ı görürəm. “Neftçi”nin əsl gücünü və iddialarını isə “Qarabağ”, “Sabah” və “Turan Tovuz” kimi komandalarla oynayarkən daha dəqiq qiymətləndirmək mümkün olacaq. “Zirə”nin çempion olmaq üçün potensialı o qədər yüksək deyil, “Turan Tovuz”un isə 5-li müdafiə üslubu çempionluq yarışı üçün əlverişli görünmür”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.

A.Kərimov çempionatın autsayderləri və orta sıralarda yer alan klubların şansları barədə də fikirlərini bildirib:

“Autsayder kimi hələ qələbəsi olmayan iki komanda var — “Sumqayıt” və “Araz-Naxçıvan”. İndidən onları siyahıdan çıxarmaq düzgün olmaz, amma bu çətinlikdən necə çıxacaqlarını gözləmək lazımdır. “Kəpəz”, “Şəfa”, “İmişli”, “Qəbələ” bir-birinə bərabər komandalardır, hər biri bir-birinə qalib gələ və ya məğlub ola bilər. Sadəcə, “Şamaxı” digər aşağı pillə komandalarına nisbətən meydanda daha stabil görünür”.

İdman.Biz