“Bütün işlərimizi qaydasına qoyduqca ortaya daha gözəl və güclü komanda çıxaracağıq”.
Bu sözləri “Şəfa” futbol klubunun vitse-prezidenti Əfran İsmayılov deyib.
Klub rəsmisi “Şəfa”nın yeni yaranmış komanda olduğunu və heyətin sıfırdan formalaşdırıldığını diqqətə çatdırıb.
“Klubda çoxlu dəyişiklik baş verdi. Yeni futbolçuların komandaya uyğunlaşması, oyunlara hazırlaşması müəyyən vaxt aparır və çətinliklər yaradır. Lakin ümumi götürəndə hər şey qaydasındadır. Bu il əsas məqsədimiz möhkəm bünövrə qurmaq, döyüşkən komanda formalaşdırmaqdır”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Transfer çalışmaları barədə də danışan vitse-prezident əlavə edib:
“Son olaraq “Zirə”nin portuqaliyalı keçmiş qapıçısı Tyaqo Silva ilə danışıqlar aparırıq. Razılıq əldə olunmaq üzrədir. Ola bilər ki, qış transfer pəncərəsində yeni hücumçu alaq. Hazırda hər şey qaydasındadır, futbolçularımıza inanırıq və onların özlərini doğruldacaqlarına əminik”.
Klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirən Əfran İsmayılov bu məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb:
“Sosial şəbəkələri aktiv izləməsəm də, xəbərləri mənə göstərirlər. Gördüyünüz kimi, buradayam, hər şey qaydasındadır və “Şəfa”nın uğurları üçün çalışıram”.
