Adil Şükürov: “Bundan sonra işimiz daha ağır olacaq”

Xəbərlər
5 Fevral 2024 17:52
527
Adil Şükürov: “Bundan sonra işimiz daha ağır olacaq”

"Belə vacib oyunda bizə qələbə qazanmaq nəsib oldu. Bütün "Kəpəz" azarkeşlərinə dəstəyə görə təşəkkür edirəm”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

O, Azərbaycan Premyer Liqasının XXI turunun “Araz-Naxçıvan”la ev oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb: “Bura gələn və ya evdən, işdən bizi izləyənlər sevgi göstərirlər. Onların hamısının ürəyi bizimlədir. Futbolçularıma da təşəkkür edirəm. Çalışdılar ki, verilən tapşırıqları maksimum yerinə yetirsinlər. Düzdür, bəzi çatışmazlıqlar oldu. Qarşıda böyük işlərimiz var, hazırlaşmalıyıq”.

Şükürov rəqib komanda haqda da danışıb: “Azər Bağırov doğrudan da yaxşı komanda formalaşdırıb. Onun komandaları ilə oyunlar asan keçmir. İndi də bizə böyük çətinliklər yaşatdılar. Rəqibin heyətində bacarıqlı futbolçular var. Biz standart vəziyyətlər zamanı əlimizə düşən imkanlardan istifadə elədik. Məşqlərdə bunun üzərində işləmişdik. Məşqlərdə etdiklərimizi oyunlarda reallaşdıra bilirik və bu bizi sevindirir. Bundan sonra işimiz daha ağır olacaq. Buna hazır olmalıyıq".

Qeyd edək ki, “Kəpəz” Qəbələdə keçirdiyi ev oyununda 3:1 hesablı qələbə qazanıb.

İdman.biz