Elvin Cəfərquliyevdən müəmmalı paylaşım: Ayrılıq ehtimalı yenə gündəmdədir - FOTO

30 İyun 2026 15:03
101
Elvin Cəfərquliyevdən müəmmalı paylaşım: Ayrılıq ehtimalı yenə gündəmdədir - FOTO

Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin gələcəyi yenidən müzakirə mövzusuna çevrilib.

İdman.Biz xəbər verir ki, futbolçu sosial şəbəkə hesabında “Nyukasl” forması ilə paylaşım edib. Bu status onun “Qarabağ”dakı durumunun qeyri-müəyyən qaldığı bir vaxtda diqqət çəkib.

Cəfərquliyevlə bağlı transfer iddiaları da səngimir. Serbiyanın “Partizan” klubu ilə yanaşı, Türkiyə Super Liqasında çıxış edən “Göztəpə”nin də futbolçuya təklif göndərdiyi bildirilir.

Buna baxmayaraq, müdafiəçinin hələ yekun qərar vermədiyi deyilir. O, hazırda “Qarabağ”la birlikdə Avstriya təlim-məşq toplanışındadır.

“Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məsələ ilə bağlı İdman.Biz-ə açıqlamasında bildirib ki, Elvin Cəfərquliyev hazırda tam gücü ilə komanda ilə məşq edir:

“Nə olacaqsa, onu gələcəkdə birlikdə görəcəyik. Bu dəqiqə üçün hər hansı fikir bildirmək tezdir. Elvin Cəfərquliyevin hazırda “Qarabağ” klubu ilə bir illik müqaviləsi var. Bütün hüquqları da kluba məxsusdur”.

Cəfərquliyev aprel ayında intizamsızlıq səbəbindən mövsümün sonuna qədər əsas komandadan kənarda qalıb. Mövsüm bitdikdən sonra futbolçu yenidən kollektivə qoşulub.

Onun “Nyukasl Yunayted”in forması ilə foto paylaşması isə azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, “Qarabağ” 2025/26 mövsümündə Çempionlar Liqasında pley-offa qədər irəliləmiş, bu mərhələdə isə “Nyukasl Yunayted”ə məğlub olub (1:6, 2:3).

Qeyd edək ki, Elvin Cəfərquliyevin transferində əsas iddiaçılardan biri olan “Partizan”a hazırda “Sumqayıt”ın sabiq baş məşqçisi Saşa İliç rəhbərlik edir.

İdman.Biz