“Sumqayıt” futbol klubunun əsas komandasının üzvü Səbuhi Abdullazadə əməliyyat olunub.
İdman.Biz xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisi məlumat yayıb.
Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb.
24 yaşlı yarımmüdafiəçi təxminən beş ay sonra meydana dönəcək.
Qeyd edək ki, S.Abdullazadə “Neftçi”yə qarşı Misli Premyer Liqasının birinci turunun qarşılaşmasının 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda əli ilə dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası ayağına düşərək onu ciddi zədələyib.
10:43
“Sumqayıt” futbol klubunun kapitanı Səbuhi Abdullazadə xəstəxanaya yerləşdirilib.
İdman.Biz xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının birinci turunda “Neftçi” ilə oyundan sonra xəsarət alıb. Qırmızı vərəqə alan futbolçu meydanı tərk edərkən əli ilə dəhlizin şüşəsini sındırıb. Nəticədə böyük şüşə parçası onun ayağına düşərək futbolçunu zədələyib.
“Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyev İdman.Biz-ə açıqlamasında bildirib ki, futbolçu hazırda Bakıda özəl xəstəxanadadır və yaxın saatlarda əməliyyat olunacaq.
Onun sözlərinə görə, Abdullazadənin yarasına tikiş qoyulacaq. Futbolçunun sağalma və bərpa müddəti isə əməliyyatdan sonra dəqiq müəyyənləşəcək.
“Klubun həkimi dünən gecədən Səbuhinin yanındadır. Onun verdiyi məlumata görə, Səbuhinin karyerasına təsir edəcək bir vəziyyət yoxdur. Vəziyyət kifayət qədər ciddidir, amma əməliyyatdan sonra karyerasını davam etdirə biləcək”, - deyə Zaur Xudiyev bildirib.
Mətbuat katibi əlavə edib ki, futbolçunun vəziyyəti ilə bağlı daha ətraflı məlumat əməliyyatdan sonra açıqlanacaq.
Qeyd edək ki, “Neftçi” - “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.
