“Amedspor”un hücumçusu rəhbərlik barədə: “Azarkeşlərimizi axmaq yerinə qoymayın”

22 Noyabr 2026 13:13
42
“Amedspor”un hücumçusu rəhbərlik barədə: “Azarkeşlərimizi axmaq yerinə qoymayın”

Futbol üzrə Türkiyə Superliqasında çıxış edən “Amedspor” komandasının hücumçusu Mbaye Diaqnenin komandaya qayıtmaması qalmaqala səbəb olub. Baş məşqçi Besnik Hasi futbolçu ilə əlaqə saxlaya bilmədiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, hadisə Türkiyə Superliqasının 12-ci turunda “Amedspor”un doğma meydanda “Çaykur Rizəspor”a 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra gündəmə gəlib.

Oyundan sonra keçirilən mətbuat konfransında Hasi seneqallı hücumçunun heyətdə olmamasına aydınlıq gətirib.

“Diaqnenin yalnız burada olmadığını bilirəm. Milli komandaların oyunları ilə əlaqədar fasilədən və istirahət günlərindən sonra hamı geri qayıtdı, amma o, şəhərə dönmədi. Hazırda harada olduğunu bilmirəm. Onunla əlaqə saxlaya bilmədim. Bu, rəhbərliyin məşğul olmalı olduğu məsələdir. Mən futbolçularıma diqqət yetirir, əlimdə olan oyunçuları inkişaf etdirməyə çalışıram”, - deyə mütəxəssis bildirib.

Lakin baş məşqçinin açıqlamasından sonra Diaqne də susqunluğunu pozub. Sosial şəbəkə hesabında paylaşım edən hücumçu komanda daxilindəki şəxslərin vəziyyətdən xəbərdar olduğunu iddia edib.

“Onlar hər şeyi bilirlər. Niyə evdə olduğumu da bilirlər. Azarkeşlərimizi axmaq yerinə qoymayın. Həqiqətlər tezliklə üzə çıxacaq. “Amedspor” azarkeşləri, onların dediklərinə inanmayın”, - deyə futbolçu yazıb.

Beləliklə, seneqallı hücumçunun komandaya qayıtmamasının səbəbi hələ də aydın deyil. Futbolçunun açıqlaması isə onunla komanda rəhbərliyi arasında fikir ayrılığının ola biləcəyi ehtimalını gündəmə gətirib.

İdman.Biz