“Fənərbağça”da sərt qərar gözlənilir

22 Noyabr 2026 12:05
27
“Fənərbağça”da sərt qərar gözlənilir

Futbol üzrə Türkiyə Superliqasında çempionluq mübarizəsi aparan “Fənərbağça”da gözlənilməz kadr qərarlarının veriləcəyi iddia olunur. Komandanın son uğursuz nəticəsi rəhbərliyin narazılığına səbəb olub.

İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi “Kocaelispor”la 2:2 hesablı heç-heçədən dərhal sonra fövqəladə iclas keçirib.

Toplantıda komandanın çempionluq yarışında geridə qalması və futbolçuların meydandakı çıxışı müzakirə olunub. Rəhbərliyin vəziyyəti dəyişmək üçün sərt tədbirlərə əl atmağı planlaşdırdığı bildirilir.

Əsas müzakirə mövzularından biri bəzi futbolçuların heyətdən kənarlaşdırılmasıdır. İntizamsız davranışları və ya zəif çıxışları ilə diqqət çəkən bir, yaxud iki oyunçuya qarşı sanksiya tətbiq oluna bilər.

Klub rəhbərliyi bu addımla komanda daxilində rəqabəti gücləndirməyi və futbolçuların çempionluq uğrunda mübarizəyə münasibətini dəyişməyi hədəfləyir.

Qeyd edək ki, “Fənərbağça” son turda səfərdə “Kocaelispor”la 2:2 hesablı heç-heçə edib. Bu nəticədən sonra İstanbul təmsilçisinin lider “Qalatasaray”dan geri qalması 11 xala çatıb.

İdman.Biz