Arteta “Arsenal”ın heç-heçəsindən narazı qaldı

22 Noyabr 2026 11:45
51
Arteta “Arsenal”ın heç-heçəsindən narazı qaldı

İngiltərə Premyer Liqasının 11-ci turunda “Nyukasl”la 2:2 hesablı heç-heçə edən Londonun “Arsenal” komandasının baş məşqçisi Mikel Arteta nəticədən narazılığını gizlətməyib.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis səfər qarşılaşmasında komandasının qələbə üçün kifayət qədər imkan yaratdığını, lakin üstünlüyündən lazımınca yararlana bilmədiyini bildirib.

“Düşünürəm ki, bu oyunda iki xal itirdik. İlk hissədə müstəsna çıxış etdik. Müdafiədə nümayiş etdirdiyimiz aqressivlik və intensivlik, oyunumuzun keyfiyyəti, rəqibin mövqe dəyişikliklərini düzgün oxumağımız və hücumda lazımi zonalara təzyiq göstərməyimiz yüksək səviyyədə idi. Üç-dörd top fərqi ilə öndə olmalıydıq. Belə fürsətlərdən yararlanmayanda ikinci hissədə rəqibin cavab verəcəyini bilirsən. Onlar da məhz bunu etdilər”, - deyə Arteta vurğulayıb.

Qeyd edək ki, noyabrın 21-də keçirilən görüşdə “Arsenal” 33-cü dəqiqədə Ebereçi Ezenin qolu ilə hesabı açıb. Fasilədən sonra Harvi Barns və Malik Tiavın qolları meydan sahiblərini önə keçirib. Lakin 78-ci dəqiqədə Noni Madueke tarazlığı bərpa edərək London təmsilçisini məğlubiyyətdən xilas edib.

Bu nəticə ilə “Arsenal”ın Premyer Liqadakı beş oyunluq qələbə seriyası başa çatsa da, komanda turnir cədvəlində liderliyini qoruyub.

İdman.Biz