"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandadan ayrılan Abdullah Zubir üçün vida matçının təşkil olunmamasına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə Misli Premyer Liqasının ilk turunda "Şamaxı" üzərində 3:1 hesablı qələbədən sonra danışıb.
"Biz vida matçı təklifi etmədik. Çünki bu, bir neçə günün içində baş tutdu", - deyə Qurbanov bildirib.
Təcrübəli futbolçu üçün ayrıca vida görüşünün təşkil edilməməsi ilə bağlı sualı cavablandıran baş məşqçi klubda belə bir ənənənin olmadığını vurğulayıb.
"Biz heç bir oyunçuya vida matçı etməmişik. Həm vaxt yoxdur, həm də bu günə qədər bizdə belə bir təcrübə olmayıb. Zubir kimi 13-14 illik futbolçularımız olub. Sadəcə Zubir sadə futbolçudur. Onun üçün də vida matçı keçirilib-keçirilməməyinin önəmi yoxdur. O, buradakı həyat tərzindən həzz alıb və bunu dəyərləndirib", - deyə Qurbanov bildirib.
