Özünə və stadionun əmlakına zərər vuran Səbuhi Abdullazadəni kim cəzalandıracaq? - İDMAN.BİZ-in ARAŞDIRMASI

17 Avqust 2026 16:10
143
Özünə və stadionun əmlakına zərər vuran Səbuhi Abdullazadəni kim cəzalandıracaq? - İDMAN.BİZ-in ARAŞDIRMASI

Artıq xəbər verdiyimiz kimi Misli Premyer Liqasının birinci turunda “Neftçi” ilə qarşılaşmada qırmızı vərəqə alandan sonra özünə və stadionun əmlakına zərər vuran “Sumqayıt” Futbol Klubunun üzvü Səbuhi Abdullazadə əməliyyat olunub. Həkimlərin qərarına əsasən “Sumqayıt”ın 24 yaşlı yarımmüdafiəçi beş ay yaşıl meydanlardan kənarda qalacaq.

Bəs qırmızı vərəqə alandan sonra özünü nizamsız aparan və stadionun əmlakına zərər vuran Səbuhi Abdullazadəni hansı cəza gözləyə bilər?

İdman.Biz məsələni araşdırmaq məqsədi ilə AFFA-nın mətbuat xidməti ilə əlaqə yaratdıq.

Qurumun sözçüsü Murad Axundov əməkdaşımıza verdiyi açıqlamada bildirdi ki, AFFA İntizam Komitəsi yalnız futbolçunun qırmızı vərəqə aldığı konkret oyun epizodu ilə bağlı futbolçunu cəzalandırmaq və klubu cərimələmək hüququna malikdir.

“Bildiyim qədəri ilə futbolçu intizamsızlığı və özünə xəsarəti qırmızı vərəqəni alıb oyunu tərk edəndən sonra “podtribunka”(stadionun dəhlizi – red.) deyilən hissədə edib. Bilirsiniz ki, “Neftçi” - “Sumqayıt” oyunu “SOCAR Polymer Arena”da baş tutub. Bu stadion “Sumqayıt” Futbol Klubunun balansındadır. Əgər futbolçu deyilən kimi stadionun əmlakına zərər vurubsa, onu cəzalandırmaq hüququ “Sumqayıt” klubunun özünə aiddir” - deyə AFFA rəsmisi bildirib.

Əlavə edək ki, “Sumqayıt”- “Neftçi” oyunu 3:1 hesabı ilə bakılıların xeyrinə bitib. Oyunun 74-cü dəqiqəsində kobud oyuna görə baş hakim “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə qırmızı vərəqə göstərib. Bu qərara emosional reaksiya göstərən futbolçu qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda yumuruğu ilə dəhlizin şüşəsini sındırıb. Nəticədə böyük şüşə parçası futbolçunu ayağına düşərək onu ciddi zədələyib. Əməliyyat olunan futbolçunun beş ay yaşıl meydandan kənarda qalacağı açıqlanıb.

İdman.Biz