“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərovun İdman.bizə müsahibəsi
- Azərbaycan Premyer Liqasının XXI turunda “Zirə” ilə 1:1 hesablı heç-heçə etdiz. Qarşılaşmanı necə şərh edərdiz?
- Ağır oyun olacağını əvvəlcədən bilirdik. Çünki zədəlilərimiz və cəzalılarımız çox idi. Amma layiqli mübarizə aparıb, 1 xal qazandıq.
- Matçda hesabı siz açsaz da, qoruya bilmədiniz. 3 xal qazanmağına nə mane oldu?
- İndiki durumda hər xal bizim üçün önəmlidir. Qələbə qazanmaq istəyirik. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşıb, səhvlərimizi düzəldib, yalnız 3 xal əldə etməyi planlaşdırırıq.
- “Zirə”yə mərkəzdən gözəl qolu siz vurduz. 2 il öncə də qəsəbə təmsilçisini demək olar ki, belə qolla cəzalandırmışdız. Dəqiq zərbəni necə dəyərləndirərdin?
- Bu sevindirici haldır ki, iki dəfə belə bir qola imza atmışam. Hər ikisində də qapıçının öndə olduğunu görmüşdüm. Amma hər iki zərbəmdə dəqiqlik və qol yerinə düşdü.
- İki qol arasında seçim etməli olsan, hansı daha yaxşı alınıb?
- Təbii ki, hərəsinin öz yeri var. Amma keçən mövsümdəki daha yaxşı alınmışdı. Çünki həm qələbə qolu idi, həm də son saniyələrdə buna nail olmuşdum.
- “Qəbələ” turnir cədvəlində son pillədə qərarlaşıb. Səncə, Premyer Liqada qala biləcəksiz?
- Düzdür, indiki durumumuz ürəkaçan deyil. Çünki layiq olmadığımız yerdəyik. Hər zaman “Qəbələ” iddialı olub. Amma bu vəziyyətdən çıxmağı bacaracağıq.
- Bu, çətin olmayacaq?
- Qələbələr olacaq. Biz buna çox inanırıq. “Qəbələ” tezliklə əvvəlki vəziyyətinə dönəcək.
- Fevralın 9-da Azərbaycan kubokunda “Araz-Naxçıvan”la cavab oyununa çıxacaqsız. İlk görüşdə heç-heçə olduğunu nəzərə alsaq, mərhələ adlamaq şansınız nə qədərdir?
- Sıx qrafikdəyik. 3 gündən sonra oyundur. Bərpa olunub, matçı analiz edəcəyik. Qələbə qazanaraq, növbəti mərhələyə yüksəlmək istəyirik.
- Qrafikin sıxlığından şikayətləndiz. İki yarışda mübarizə aparmaq aparmağa gücünüz yetəcək?
- Çətin deyil. “Qəbələ” hər zaman iki cəbhədə mübarizə aparıb. Oyunların çox olmağı inkişafımız üçün daha yaxşıdır.
- “Qəbələ”də rəhbər vəzifələrdə və məşqçilər korpusunda dəyişikliklər oldu. Bu, komandada özünəgüvəni qaytara biləcəkmi?
- Məncə, bəli. Dəyişikliklərin komandaya yaxşı təsir edəcəyinə inanıram.
Banuçiçək Hüseynli
İdman.biz
