Azərbaycanın “Şamaxı” futbol komandasının hücumçusu Nihat Mehralıyev klubdan ayrılıb.
İdman.Biz xəbər verir ki, futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.
“Şamaxı” futbol klubu Nihat Mehralıyevə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
20 yaşlı futbolçu ötən ilin sentyabrında “Şamaxı”ya keçmişdi. Klub həmin vaxt Mehralıyevlə birillik müqavilə imzalandığını açıqlamışdı.
Nihat Mehralıyev daha əvvəl “Qarabağ”ın əvəzedici komandasında çıxış edib. O, 2024/25 mövsümündə 20 qol vuraraq Əvəzedicilər Liqasının bombardiri olub.
Qeyd edək ki, bu, klubun heyətdən göndərdiyi 13-cü futbolçudur. “Şamaxı” daha əvvəl Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Rafael Məhərrəmli, Vladislav Veremeyev və Arsen Ağcabəyovla yollarını ayırıb.
