“Kəpəz” futbol klubu baş məşqçi postu üçün serbiyalı mütəxəssislə danışıqlar aparıb.
İdman.Biz sportinfo.az-a istinadən verir ki, adı açıqlanmayan balkanlı məşqçi klub rəhbərliyinin dəvəti ilə Azərbaycana gəlib. O, əvvəlcə Bakıda “Kəpəz” rəhbərliyi ilə görüşüb, daha sonra Gəncəyə yollanaraq klubdakı şəraitlə tanış olub.
Tərəflər mümkün əməkdaşlığın perspektivlərini və şərtlərini müzakirə ediblər. Klubdan bildirilib ki, hələlik yekun seçim edilməyib. Gəncə təmsilçisi bir neçə namizədin üzərində dayanıb və siyahıda həm yerli, həm də xarici məşqçilər var.
“Kəpəz” rəhbərliyinin son qərarı iyunun ilk on günü ərzində verəcəyi gözlənilir. Klub yeni mövsümə qədər baş məşqçi məsələsini həll etməyə çalışır.
Qeyd edək ki, Azər Bağırov ötən ilin oktyabrından bu ilin mayınadək “Kəpəz”i çalışdırıb. O, komandanı Premyer Liqada saxlasa da, müqavilənin uzadılması ilə bağlı tərəflər razılığa gələ bilməyiblər.
