“Turan Tovuz” futbol klubunun UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirakı ilə bağlı yekun qərar İdman Arbitraj Məhkəməsindən sonra veriləcək.
İdman.Biz xəbər verir ki, UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, Tovuz təmsilçisi turnirdə iştirak hüququndan məhrum edilib. Klubun bu qərardan CAS-a müraciət etmək hüququ var. UEFA qərarında “Turan Tovuz”un 2026/2027 UEFA Konfrans Liqasının Əsasnaməsinin 4.01(g) maddəsi üzrə qəbul meyarını yerinə yetirmədiyi göstərilir.
Məlumata görə, CAS yekun qərar çıxarana qədər idman prinsipləri əsasında Azərbaycan çempionatını üçüncü pillədə başa vuran və Konfrans Liqasına vəsiqə qazanan “Turan Tovuz”un avrokuboklardakı yeri qorunub saxlanılacaq.
Yalnız CAS-ın qərarından sonra məsələnin növbəti mərhələsi müəyyənləşəcək.
Qeyd edək ki, UEFA bu qərarı AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarına istinadən qəbul edib. Həmin qərarda 2019/2020-ci illər mövsümündə birinci divizionda çıxış edən “Turan Tovuz”un yeddi futbolçusuna danışılmış oyunlarda iştiraka görə futbolla bağlı bütün fəaliyyətlərdən qadağa qoyulduğu bildirilir.
