"Turan Tovuz" futbol klubunun UEFA tərəfindən 2026/27 mövsümündə Konfrans Liqasına buraxılmaması bir əsas sual yaradıb: söhbət yalnız bir mövsümdən gedir, yoxsa klub növbəti illərdə də oxşar problemlə üzləşə bilər?
İdman.Biz xəbər verir ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümü üçün reqlamentinə əsasən, turnirdə iştirak etmək istəyən klub özü, futbolçuları və rəsmi şəxslərinin milli və ya beynəlxalq səviyyədə danışılmış oyunların təşkili və ya matçın nəticəsinə təsir göstərilməsi ilə bağlı fəaliyyətlərdə birbaşa və ya dolayı iştirak etmədiyini təsdiqləməlidir.
Əsas məqam yoxlama müddəti ilə bağlıdır. Reqlamentin 4.01-ci maddəsində qeyd olunur ki, 2026/27 avrokubok mövsümü üçün UEFA 2016-cı il martın 1-dən sonrakı dövrü araşdırır. Bunun səbəbi həmin mövsümün reqlamentinin 2026-cı il martın 1-də qüvvəyə minməsi və yoxlama müddətinin 10 il olmasıdır.
Məhz buna görə də 2019-cu ildə "Turan Tovuz"un futbolçularının danışılmış oyunlarda iştirakı ilə bağlı hadisələr bu müddətə daxil olur. UEFA da məhz bu əsasla klubu 2026/27 mövsümündə Konfrans Liqasında iştirak hüququndan məhrum edib.
Bununla yanaşı, vacib bir məqam var: söhbət avtomatik 10 illik diskvalifikasiyadan getmir. UEFA daha əvvəl Monteneqro və Albaniyadan olan bəzi klubları danışılmış oyunlarda iştirak etdiklərinə görə birbaşa 10 il müddətinə cəzalandırıb.
Lakin reqlamentin 4.02-ci maddəsində göstərilir ki, bu əsasla tətbiq edilən iştirak qadağası yalnız bir futbol mövsümünə şamil olunur. Yəni hazırkı qərar konkret olaraq 2026/27 mövsümünə aiddir.
"Turan Tovuz" üçün problem başqa məqamla bağlıdır. 2019-cu il hadisəsi bir mövsümdən sonra yoxlama müddətindən çıxmır. Əgər UEFA növbəti illərin reqlamentlərində də eyni 10 illik prinsipə sadiq qalsa, 2027/28 mövsümündə yoxlama müddəti 2017-ci il martın 1-dən, 2028/29 mövsümündə 2018-ci il martın 1-dən, 2029/30 mövsümündə isə 2019-cu il martın 1-dən sonrakı hadisələri əhatə edə bilər.
Sadə formada desək, "Turan Tovuz"un hazırkı vəziyyəti 10 illik diskvalifikasiya deyil. Lakin klub yaxın mövsümlərdə yenidən idman prinsipi əsasında avrokuboklara vəsiqə qazansa, 2019-cu il işi UEFA-nın 10 illik yoxlama müddətində qaldığı müddətdə onun iştirakı məsələsi yenidən nəzərdən keçirilə bilər.
Reqlamentdə diqqət çəkən daha bir detal da var. UEFA milli və beynəlxalq idman qurumlarının, arbitrajların və məhkəmələrin qərarlarını nəzərə ala bilər, lakin onlara tam şəkildə əməl etməyə borclu deyil. Bu isə o deməkdir ki, 2019-cu il hadisəsi ilə bağlı AFFA-nın qərarı UEFA-nın mövqeyi üçün əsaslardan biri ola bilər, lakin yekun qərarı Avropa futbol qurumu özü verir.
Bununla belə, Tovuz klubunun xeyrinə işləyə biləcək bir amil də mövcuddur. UEFA hesab etsə ki, eyni faktlarla bağlı əvvəlki qərar artıq klubun avrokuboklarda iştirakına mane olub, həmin vəziyyəti növbəti illərdə nəzərə ala bilər.
Beləliklə, "Turan Tovuz" yaxın illərdə yenidən idman prinsipi əsasında avrokuboklara vəsiqə qazansa belə, 2019-cu il işi UEFA-nın reqlamentində nəzərdə tutulan 10 illik yoxlama müddətinə daxil olduğu üçün klubun turnirlərdə iştirakı məsələsi açıq olaraq qala bilər. Bu isə o deməkdir ki, UEFA lazım gələrsə, "Turan Tovuz"u daha üç mövsüm ərzində də nəzarətdə saxlaya və iştirak məsələsini yenidən qiymətləndirə bilər.
