İspaniyanın “Atletiko Madrid” futbol komandasının hücumçusu Xulian Alvares karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, “Arsenal” argentinalı futbolçunun transferi üçün Madrid təmsilçisinə 100 milyon avro (193,45 milyon manat) və Viktor Dyökereşi təklif etməyə hazırlaşır.
“Arsenal”ın baş məşqçisi Mikel Artetanın 26 yaşlı hücumçunun transferində maraqlı olduğu və onu komandasının hücum xəttini gücləndirəcək əsas futbolçulardan biri hesab etdiyi bildirilir.
“Atletiko Madrid” Alvaresi satmaq niyyətində olmasa da, yüksək məbləğli təklif və futbolçunun İspaniyadan kənar komandaya keçməsi halında danışıqlara başlamaq variantını nəzərdən keçirə bilər.
Alvareslə “Barselona” da yaxından maraqlanır. Kataloniya təmsilçisinin hücumçu üçün 100 milyon avroluq təklifi “Atletiko Madrid” tərəfindən qəbul edilməyib. Madrid komandasının rəhbərliyi futbolçunu La Liqadakı birbaşa rəqibinə satmaq istəmir.
Xulian Alvares “Atletiko Madrid”də keçirdiyi iki mövsümdə bütün turnirlərdə 106 oyuna çıxaraq 49 qol vurub və 17 məhsuldar ötürmə edib.
