İngiltərənin “Mançester Yunayted” futbol komandasının 15 yaşlı hücumçusu JJ Qabriel əsas komandada debütünü gözləyir.
İdman.Biz xəbər verir ki, “Kid Messi” ləqəbli futbolçu Norveçdə “Rusenborq”la keçirilən yoxlama görüşü üçün əsas komandanın heyətinə daxil edilib.
Lakin baş məşqçi Maykl Kerrik “Mançester Yunayted”in 5:0 hesabı ilə qalib gəldiyi matçda ona şans verməyib.
Klub Qabrielin inkişafına ehtiyatla yanaşır və gənc futbolçunu yüksək təzyiqdən qorumağa çalışır. “Manchester Evening News”un məlumatına görə, onun rəsmi debütü üçün ən real variantlardan biri İngiltərə Liqa Kubokunun ilk mərhələləridir.
Qabriel 6 oktyabrda 16 yaşını tamamlayacaq. Karrinqton akademiyasında onun texniki bacarığı yüksək qiymətləndirilir, lakin məşqçilər futbolçunun fiziki inkişafını da diqqətlə izləyirlər.
15 yaşlı hücumçu “Rusenborq”la matçdan sonra sosial şəbəkədə “Səbir” mesajını paylaşıb. O, oyunda iştirak etməsə də, Norveçdə azarkeşlərin böyük marağı ilə qarşılaşıb.
Qeyd edək ki, JJ Qabriel ötən mövsüm “Mançester Yunayted”in U-18 komandasında 29 oyunda 26 qol vurub və klubun ən perspektivli akademiya futbolçularından biri hesab olunur.
