Şahin Diniyev: “Yazsalar ki, kosmosa uçmuşam, təəccüblənmərəm”

Müsahibə
26 Yanvar 2024 17:40
735
Şahin Diniyev: “Yazsalar ki, kosmosa uçmuşam, təəccüblənmərəm”

"Birinci hissədə meydanda yaxşı "Səbail" görmədik. Ön xətdə kəskinlik çatışmır”.

İdman.biz xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XX turunun “Turan Tovuz”la səfər matçı barədə fikirlərini açıqlayıb: “Çox ucuz qollar buraxırıq. Bu da məni çox məyus edir. Komandamızda zədəli futbolçular da çoxdur. Yeni gələn transferlərimiz də oynayır. Zamana ehtiyacımız var. İkinci 45 dəqiqədən çox razı qaldım. Komandamızı uğursuz hesab etmirəm. Qarşıda daha yaxşı "Səbail" görə biləcəyik. Rəqibimiz bu matça çox yaxşı motivasiya olmuşdu".

Diniyev buraxılan ikinci qola da münasibət bildirib: “Hakimlər də səhv edə bilər. Biz belə şeylərə köklənsək, itirəcəyik. Çünki sonrakı proseslər mənasızdır. Məğlubiyyətin əsas səbəbi özümüzük. Səbəbi kənarda axtarmaq bizə uğur gətirməyəcək. Uşaq səhvləri etsək də, komanda sınmadı. Bu matçda ikinci qolu da vura bilərdik”.

Baş məşqçi komandaya olan təzyiqlərə də toxunub: “Uşaq deyiləm. Hamısını başa düşürük. Həm ötən, həm bu mövsüm bizə qarşı nə qədər haqsızlıq oldu? Kim necə istəyir, elə yazır. Bəzilərinin işi elə bundan ibarətdir. Gücümüzü buna sərf etmirik. Mətbuata və hakimliyə fokuslanmıram. Təzyiq altında oynamağa da öyrəşməliyik. Yazsalar ki, mən kosmosa uçmuşam, təəccüblənmərəm”.

Qeyd edək ki, “Səbail” səfər oyununda 1:3 hesabı ilə uduzub.

İdman.biz