Urfan Abbasov: “Daha döyüşkən və güclü komanda yaratmağa çalışırıq”

26 İyul 2026 15:22
119
Urfan Abbasov: “Daha döyüşkən və güclü komanda yaratmağa çalışırıq”

“İlk dəfə “Kəpəz”dən təklif gələndə bir az tərəddüd edirdim. Çünki yol uzaq idi və evdən aralı düşəcəkdim. Sonra fikirləşdim ki, “Kəpəz” böyük tarixə malik klubdur. Şərait baxımından da hər şey yüksək səviyyədədir. Sonda buranın hərtərəfli mənim üçün ən doğru seçim olduğu qənaətinə gəldim”.

İdman.Biz xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında Urfan Abbasov deyib.

33 yaşlı müdafiəçi yeni mövsümdə “Kəpəz”in iddialı olacağına inandığını vurğulayıb. O, komandanın daha döyüşkən və güclü heyət formalaşdırmağa çalışdığını, məqsədlərinin isə azarkeşlərə daha yaxşı “Kəpəz” göstərmək olduğunu qeyd edib:

“Bu mövsüm üst pillələr uğrunda mübarizə aparacağıq. Daha döyüşkən və güclü komanda yaratmağa çalışırıq. Əlimizdən gələni artıqlaması ilə edəcəyik ki, azarkeşlər daha yaxşı və güclü “Kəpəz” görsünlər. Müdafiə xəttində təcrübəli futbolçular var. Mən də çalışacağam ki, komandamız müdafiədə daha etibarlı olsun. Amma müdafiə təkcə arxa xətt oyunçularından asılı deyil, bütün komanda birlikdə müdafiə olunmalıdır”.

Abbasov Gəncə azarkeşlərinin dəstəyindən də söz açıb. O, həm komandaya fayda vermək, həm də hələ gücünün tükənmədiyini sübut etmək istədiyini bildirib:

“Gəncə azarkeşləri və bu klubun camiəsi çox böyükdür. Onlar hər zaman komandalarına böyük dəstək olublar. Mən də döyüşkənliyimlə, bacardığımın ən yaxşısını edərək kluba xeyir verməyə çalışacağam. Bura gəlməkdə məqsədim daha uğurlu çıxış etməkdir. Bəlkə də çoxları artıq məni futbolu bitirmiş biri kimi görür. Amma onlara sübut etmək istəyirəm ki, hələ gücüm var və yüksək səviyyədə oynaya bilərəm. Bunu meydanda hər kəsə göstərəcəyəm”.

İdman.Biz