“Qəbələ” futbol komandasının baş məşqçisi Kaxaber Tsxadadze “Sumqayıt”la 1:1 hesabı ilə başa çatan yoxlama oyununu dəyərləndirib.
İdman.Biz xəbər verir ki, gürcüstanlı mütəxəssis komandasının təlim-məşq toplanışının birinci mərhələsini tamamladığını deyib.
“Hazırlığımız plan üzrə davam edir. Bu mərhələdə yükləmələr çoxdur. Təlim-məşq toplanışının birinci mərhələsini başa vurduq. Oyunda sürətin bir qədər aşağı olduğunu gördük. Yavaş-yavaş bunun üzərində işləməliyik”, - deyə o bildirib.
Tsxadadze futbolçuların hazırlıq prosesinə münasibətindən razı qaldığını vurğulayıb:
“Futbolçuların yanaşmasından razıyam. Ötən mövsüm ilk dəfə Premyer Liqada çıxış edən yerli futbolçular xeyli inkişaf ediblər”.
Baş məşqçi komandanın yeni transferlərə ehtiyac duyduğunu da açıqlayıb:
“Heyətin gücləndirilməsinə ehtiyac var və bu istiqamətdə işlərimizi davam etdiririk. Maraqlandığımız futbolçular var, danışıqlar gedir”.
