Dambrauskas: “Məğlubedilməzlik seriyasının bitməsi məyusluq yaradır”

Dambrauskas: “Məğlubedilməzlik seriyasının bitməsi məyusluq yaradır”

"Sabah" komandası məğlubedilməz seriyasının bitməsinə görə məyusdur.

İdman.Biz xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 31-ci turunda "Kəpəz"ə qarşı keçiridkləri matçdan sonra mətbuat konfransında deyib.

“Sabah” – “Kəpəz” görüşü Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

“Kəpəz” komandasını təbrik edirəm. Bu qələbə onlar üçün həm vacib, həm də yaddaqalan nəticə oldu. Hazırda oyundan sonra geniş danışmaq istəmirəm. Matçın ilk yarısında üstün tərəf biz idik və oyuna daha yaxşı nəzarət edirdik. Xüsusilə standart vəziyyətlərdən bir neçə real qol imkanı yaratdıq, amma rəqib qapıçı uğurlu çıxışı ilə fərqləndi və hesabı aça bilmədik. Fasilədən sonra heyətdə və oyunda müəyyən dəyişikliklər etdik. Buna baxmayaraq, komandanın tempi əvvəlki kimi qalmadı və ritm aşağı düşdü. Ardınca isə yol verdiyimiz gözlənilməz səhv rəqibin qol vurmasına şərait yaratdı. Bundan sonra “Kəpəz” daha çox müdafiəyə çəkildi. Biz isə hücumlarda daha sakit və düşünülmüş davranmalı idik, lakin bəzi epizodlarda tələsik qərarlar verdik.

İndi bu oyunu geridə qoymaq lazımdır. Təbii ki, məğlubedilməz seriyanın bitməsi müəyyən məyusluq yaradır. Amma artıq diqqətimizi qarşıdakı çox önəmli final qarşılaşmasına yönəltməliyik”, - Dambrauskas bildirib.

“Sabah” 31 oyundan sonra 75 xalla çempionatın lideridir. Klub artıq çempionluğunu elan edib.

İdman.Biz