“İmişli” Misli Premyer Liqasının 17-ci turunda “Araz-Naxçıvan”la oyunda qələbəyə daha yaxın tərəf olub.
İdman.Biz bildirir ki, bunu İmişli komandasının baş məşqçisi Jorj Kaşkilya oyundan sonra mətbuat konfransında deyib.
Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Portuqaliyalı mütəxəssis yaxşı oyun nümayiş etdirmələrinə baxmayaraq, nəticənin məyusedici olduğunu bildirib.
“Təbii ki, nəticəyə görə müəyyən məyusluq var. Çünki meydanda yaxşı oyun nümayiş etdirdik və göstərdiyimiz performansa uyğun olaraq nəticə daha fərqli ola bilərdi. Qarşılaşma çətin idi və gözlədiyimiz kimi də ağır keçdi. “Araz-Naxçıvan” komandasının yeni baş məşqçisi var və onun bu oyunda özünü ən yaxşı tərəfdən göstərmək baxımından yüksək motivasiyalı olduğu hiss olunurdu. Məşqçi dəyişikliyindən sonra rəqibin çıxışını analiz etmişdik və onların qarşıya qoyduğu məqsədlərin böyük olduğunu bilirdik. Gələcəkdə Avropa arenasında çıxış etməyi hədəfləyən bir komandaya qarşı oynadığımızın fərqində idik”, - o, vurğulayıb.
Baş məşqçi oyunun gərginliyini və qolların vurulma formasını xüsusi qeyd edib.
“Bizi çətin oyun gözlədiyini anlayırdıq və meydanda da məhz belə oldu. Qarşılaşma bərabər və gərgin mübarizə şəraitində keçdi, hər iki komanda sona qədər mübarizə apardı. Qolların hamısının standart vəziyyətlərdən vurulması da oyunun nə qədər incə detallar üzərində getdiyini göstərir. Dörd standart vəziyyət, dörd qol”, - Kaşkilya deyib.
Baş məşqçi son dəqiqələrdə buraxılan qolun komandaya psixoloji təsirindən söz açıb: “Əlbəttə, 90+ dəqiqələrdə qol buraxmaq məyusedicidir. Çünki bu oyunda qələbəyə daha yaxın tərəf biz idik və meydanı qalib kimi tərk etməliydik. Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı”.
