“Oyuna yaxşı hazırlaşmışdıq və liderdən ən azı bir xal almağı hədəfləyirdik. Qırmızı vərəqədən sonra isə oynamaq xeyli çətinləşdi”.
Bu sözləri “Karvan-Yevlax”ın futbolçusu Emin Rüstəmov deyib.
Gənc futbolçu komandasının Misli Premyer Liqasının 29-cu turunda “Sabah”a məğlub olduqları oyun haqda fikirlərini bölüşüb.
“İlk hissədə qapımızı toxunulmaz saxlasaq da, təəssüf ki, ikinci yarıda bunu bacara bilmədik. “Sabah”la matçda qol buraxdıqdan sonra geridönüş etmək çox çətindir. Qırmızı vərəqəyə qədər rəqibə çox epizod vermirdik, lakin vərəqədən sonra vəziyyət dəyişdi. Premyer Liqada qalacağımıza inanırıq. Əks halda, son iki turda qələbə qazana bilməzdik. Hər oyuna 3 xal üçün çıxırıq. Turnir cədvəlində “Kəpəz”lə aramızda 6 xallıq fərq var. Məqsədimiz 11-ci yeri tutmaq və ən azı pley-offda oynamaqdır. Növbəti turda rəqibimiz “Neftçi” olacaq. Flaqmanın gücü bəllidir, lakin doğma meydanda oynamağımız bizim üçün üstünlükdür”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, “Sabah” - “Karvan-Yevlax” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
