“Xüsusi işçi qrup yaradılacaq. Orada İcraiyyə Komitəsi tərəfindən də müəyyən üzvlər yer alacaq. Ehtimal var ki, kənardan da müəyyən mütəxəssislər cəlb olunsun və həmin işçi qrup tərəfindən baş məşqçi postuna müəyyən təkliflər verilsin”.
İdman.biz xəbər verir ki, bunu İcraiyyə Komitəsinin (İK) iclasından sonra AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.
O, millinin baş məşqçisi Canni De Byazi ilə müqavilənin yenilənməyəcəyini, yeni namizədlə bağlı detallı şəkildə hər bir amilin nəzərə alınacağını və analiz olunacağını bildirib: “Ondan sonra təkliflər İcraiyyə Komitəsində yenidən müzakirəyə çıxarılacaq və qərar veriləcək. İşçi qrupunun üzvləri ilə bağlı yaxın zamanlarda məlumat veriləcək”.
AFFA təmsilçisinin sözlərinə görə, yeni baş məşqçi seçilərkən ad məsələsi əsas kriteriya kimi götürülməyəcək: “Müzakirələr əsasında onu deyə bilərəm ki, vacib kriteriyalardan biri yerli mentaliteti və yerli futbolçuları tanıyan, daha çox yerli mədəniyyətə uyğun namizədin olmasıdır”.
Qeyd edək ki, İK bu gün keçirilən iclasda italiyalı mütəxəssislə müqavilənin uzadılmaması barədə qərar qəbul edib.
İdman.biz