Riçard Almeyda: “Azərbaycan millisində oynamaq şansını Allahın mənə verdiyi bir hədiyyə kimi qəbul edirəm” - MÜSAHİBƏ

Müsahibə
20 Noyabr 2023 12:51
879
Riçard Almeyda: “Azərbaycan millisində oynamaq şansını Allahın mənə verdiyi bir hədiyyə kimi qəbul edirəm” - MÜSAHİBƏ

Azərbaycanın millisinin sabiq futbolçusu, "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın İdman.biz saytına müsahibəsi

- May ayından Azərbaycan milli komandasında çıxışını başa vurmusan. AVRO-2024-ün seçmə mərhələsinin İsveçlə oyunundan əvvəl isə qızılı rəngdə çərçivəyə salınmış yığmanın forması ilə təltif olundun. Bu sənin üçün gözlənilməz olmadı ki?

- İsveçlə oyundan sonra keçirilən tədbir və xatirə hədiyyələri mənim üçün böyük önəm kəsb edir. Bu, əməyə verilən qiymətdir. Braziliyada doğulmuşam, tamam başqa bir qitədən 2012-ci ildə Azərbaycana gəlmişəm. Əvvəlcə mənə doğma olan "Qarabağ"ı layiqincə təmsil etməyə çalışdım. Ardınca milli komanda üçün əlimdən gələni etdim. Hər zaman demişəm ki, Azərbaycanı və onun xalqını çox sevirəm. Milli komandaya çağırılanda da sevə-sevə, qürurla getmişəm. Burda yaşadığım karyera çoxlarının arzusudur. Buna görə də çox xoşbəxtəm.

- İsveçlə oyunu sənin üçün yığma ilə vida kimi də qiymətləndirmək olar. Həmin matçdakı qələbə zamanı bir anlıq yenidən meydana qayıtmaq fikrinə düşmədin?

- Mənə elə gəlir ki, karyerasını bitirmiş əksər futbolçular bir çox oyunları kənardan izlədikləri zaman meydanda olmaq istəyirlər. Hətta görüşün gedişində həyat yoldaşıma dedim ki, çox istəyərdim meydanda olum. Amma yenə də verdiyim qərardan razıyam. Milli komanda üçün yeni bir mərhələ başlayır. Yaxşı gənc futbolçu nəsli var. Gənc və təcrübəli oyunçuların vəhdəti hiss olunur. Mənim mövqeyimdə Coşqun Diniyev və Aleksey İsayev çox yaxşı oyun nümayiş etdirir. Toral Bayramov, Elvin Cəfərquliyev, Musa Qurbanlı, Renat Dadaşov və digər gənc futbolçular çox istedadlıdır. Yığmanın gələcəyi yaxşı olacaq.

- Azərbaycan milli komandasına ilk çağırıldığın günü necə xatırlayırsan?

- Əlbəttə, xoş hisslərlə xatırlayıram. Bunu yaddan çıxarmaq mümkün deyil. Çox həyəcanlıydım. Həmin hissləri heç vaxt unutmaram. Şimali İrlandiyaya qarşı oyun Tofiq Bəhramov adına Respublika stadionunda olmuşdu. İlk matçımı izləmək üçün atam da arenada idi. Yadıma düşəndə həmin görüşün qısa icmalına baxıram. Yaxşı komandamız var idi. Milli Rəşad Sadıqov, Dmitri Nazarov, Arif Daşdəmirov, Cavid Hüseynov kimi güclü futbolçulardan qurulmuşdu. Oyunumuz da yaxşı alındı, amma son dəqiqələrdə buraxdığımız qolla məğlub olduq. Tale belə gətirdi ki, millidə ilk matçıma çıxdığım Tofiq Bəhramov adına Respublika stadionunda da komanda ilə vidalaşdım.

- Milli komandada sənin üçün ən yadda qalan oyun hansı oldu?

- Səmimi olaraq deyə bilərəm ki, üçün milli komandada keçirdiyim bütün oyunlar özəldir. Braziliyalıyam və orda doğulan bütün uşaqların arzusu ölkəsinin yığmasında oynamaqdır. Bu milliyə düşmək çox çətindir. Amma mənim üçün Azərbaycan öz qapılarını açdı. Bu şansı Allahın mənə verdiyi bir hədiyyə kimi qəbul edirəm. Yığmada keçirdiyim 33 matçın hər bir epizodunu və detalını xatırlayıram.

- Sənə görə Azərbaycan millisində işlədiyin ən təcrübəli baş məşqçi kim olub?

- Burda birinci qeyd edəcəyim şəxs mənim üçün xüsusi bir insandır. Həyatımı dəyişən bir şəxsdir. Bu, Qurban Qurbanovdur. Milliləşmə məsələm ortaya çıxanda ilk olaraq onunla bu məsələnin detalları ilə bağlı danışdım. Bir çox mövzularda məsləhətlərini aldım. Bundan əlavə milli komandada işləyər hər bir məşqçidən nəsə öyrənməyə çalışdım. İlk oyunumu Robert Prosineçkinin rəhbərliyi altında keçirmişəm. Canni de Byazi məni müəyyən fasilədən sonra yenidən komandaya dəvət etdi. Hər birinin futbolçu karyerama qatqısı oldu.

- Bəs Azərbaycanla bağlı nə deyə bilərsən?

- Azərbaycan ikinci evimdir. Mən və ailəm burda özümüzü çox xoşbəxt hiss edirik. Həyatımın 11 ili Azərbaycanla bağlıdır. Bu ölkəni çox sevirəm və qarşılığını da görürəm. İstər adi insanlar, istər "Qarabağ" azarkeşləri və ya digər klubların azarkeşlərinin mənə olan hörmətini hiss edirəm. Bu məni, ailə üzvlərimi sevindirməyə bilməz. Bakıya təzə gələndə komandada Rəşad Sadıqov, Maksim Medvedev, Ansi Aqoli, Admir Teli və məşqçi heyətinin isti münasibətini gördüm. Ailəm, dostlarım, Braziliyada olan tanışlarım bilir ki, Azərbaycanı çox sevirəm.

Emin Ağa

İdman.biz