Rəşad Eyyubov legioner limitinə qarşı çıxdı: “Kim yaxşıdırsa, oynamalıdır”

25 Sentyabr 2026 23:17
82
Rəşad Eyyubov legioner limitinə qarşı çıxdı: “Kim yaxşıdırsa, oynamalıdır”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov AVRO-2027-nin seçmə mərhələsində Çexiya ilə 1:1 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.

İdman.Biz xəbər verir ki, Eyyubov legioner limiti və futbolçuların oyun praktikası ilə bağlı fikirlərini bölüşüb.

“İntensivliyi yüksək olan oyun keçirdik. Hiss edirdim ki, uşaqlara çətindir, çünki oyun praktikasında çatışmazlıqlar var idi. Əsas odur ki, yaxşı nəticə əldə etdik.

Aşağı yaş qruplarından U-21-ə namizəd oyunçuları izləyirik, lakin təəssüflər olsun ki, sayı azdır. Legioner limitinin də buna təsiri var. Amma mən ümumiyyətlə hər bir limitə qarşıyam. Düşünürəm ki, kim yaxşıdırsa, o da oynamalıdır.

Bundan sonrakı hədəfimizə gəlincə, tariximizdə ən çox doqquz xal toplamışıq və bu nəticəni yaxşılaşdırmaq istəyirik”, – deyə Eyyubov bildirib.

Baş məşqçi Nəriman Axundzadənin çıxışından razı qaldığını bildirib:

"Toplanış zamanı özünü çox peşəkar aparırdı. İnanıram ki, növbəti oyunlarda da bizə xeyir verəcək".

İdman.Biz