“Güclü rəqiblə qarşılama maraqlı və ağır alındı. Oyunçuların meydanda davranışından razı qaldım. Bu istiqamətdə davam edəcəyimizə inanıram”.
İdman.biz xəbər verir ki, bunu “Zenit” 1:0 hesabı ilə məğlub edən “Neftçi”nin ba məşqçisi Adrian Mutu deyib.
Rumıniyalı mütəxəssis eyni oyunu Azərbaycan Premyer Liqasında göstərə bilmədiklərinə görə təəssüfləndiyini bildirib: “Bu cür oyundan sonra üzülürəm. Çünki demək olar ki, eyni cür hazırlaşırıq. "Zenit" kimi güclü rəqibə qarşı belə oynayıb, digər matçlara isə fərqli yanaşma məni üzür. Sevindirici hal odur ki, Mirzov formasını yavaş-yavaş bərpa edir. Rezuan Mirzov, Emin Mahmudov və digər oyunçularımızın qollarına ehtiyacımız var. Ümid edirəm ki, növbəti matçlarda da belə də olacaq”.
Adrian Mutu qapıçı Rza Cəfərov barəsində danışıb. "Neftçi"nin baş məşqçisi zədəli olduğuna görə, gənc qolkiperə şans vermədiyini deyib: "Rzaya ilk dəfə şans verən mən idim. "Sabah"la oyunda onu meydana buraxanda, hamı məni tənqid edirdi. İndi isə Rzanın niyə oynamadığı sualları verirlər. Hətta mətbuatda gənc oyunçulara güvənmədiyim barədə fikirlər yer alıb. Onu bildirmək istəyirəm ki, Rza zədədən yeni qayıdıb. Ona görə oynada bilmirdim".
İdman.biz