İngilislər “Mançester Yunayted” - “Sabah” matçının start heyətini və hesabı proqnozlaşdırıblar - İDMAN.BİZ-in İCMALI

9 Sentyabr 2026 15:31
99
İngilislər “Mançester Yunayted” - “Sabah” matçının start heyətini və hesabı proqnozlaşdırıblar - İDMAN.BİZ-in İCMALI

Britaniyanın futbol nəşri “Sports Mole” UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” - “Sabah” matçı ilə bağlı proqnozunu açıqlayıb.

İdman.biz xəbər verir ki, qarşılaşma ilə bağlı yazının müəllifi Mett Lou hesab edir ki, meydan sahiblərinin baş məşqçisi Maykl Karrik bazar günü “Mançester Siti”yə qarşı keçiriləcək derbidən əvvəl heyətdə rotasiyaya gedəcək.

Nəşrin versiyasına görə, Leni Yoro, Nussair Mazraui, Andre Santos və Benyamin Şeşko start heyətinə qayıda bilər. Onlar müvafiq olaraq Harri Maquayr, Lyuk Şou, Yuri Tilemans və Markus Reşfordu əvəzləyə bilərlər. Bu halda Mateus Kunyanın hücumun sol cinahına keçəcəyi gözlənilir.

Qeyd edək ki, Reşford “Everton”la matçın ikinci hissəsində kiçik zədə səbəbindən əvəzlənib və onun vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var. “Sports Mole” Karrikin derbidən əvvəl hücumçu ilə bağlı ehtiyatlı davranacağını istisna etmir. “Everton”la görüşdə meydana sonradan daxil olaraq qol vuran Şeşko isə start heyətində yer ala bilər.

Nəşr həmçinin bildirir ki, Mançester Yunayted Mattays de Liqt, Manuel Uqarte, Karlos Baleba, Amad Diallo və Tom Hitonun xidmətindən yararlana bilməyəcək.

“Sabah”a gəlincə, britaniyalı jurnalistlər hücumda Coi-Lens Mikels və Velko Simicin meydana çıxacağını gözləyirlər. Yazıda hər iki futbolçunun cari mövsümdəki məhsuldarlığı xüsusi vurğulanır: Mikels 11 oyunda səkkiz qol və bir məhsuldar ötürmə ilə yadda qalıb, Simicin hesabında isə yeddi qol və bir məhsuldar ötürmə var. Həmçinin Kahim Perrisin də start heyətində yer alacağı proqnozlaşdırılır.

“Sports Mole”nin ehtimal etdiyi start heyətləri:

“Mançester Yunayted”: Lammens, Dalot, Yoro, Martinez, Mazraui, Santos, Mainu, Mbeumo, Fernandeş, Kunya, Şeşko.

“Sabah”: Pokatilov, Solvey, Daşdamirov, Puxaç, Zedadka, Rahmonaliyev, İsayev, Lepinitsa, Perris, Mikels, Simiç.

Bununla yanaşı, ekspertlər “Mançester Yunayted”in 3:1 hesablı qələbə qazanacağını proqnozlaşdırır. Bununla belə, nəşr hesab edir ki, İngiltərə komandasının müdafiədəki problemləri qapısını toxunulmaz saxlamağına mane ola bilər. “Sabah” Çempionlar Liqasının builki təsnifat mərhələsində keçirdiyi səkkiz oyunun altısında qalib gəlib və dörd qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Bu statistika Azərbaycan klubuna öz şanslarına inanmaq üçün əsas verir.

Qeyd edək ki, qarşılaşma sentyabrın 10-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.Biz