UEFA Çempionlar Liqasının startı hər zaman böyük hadisədir. Bu, təkcə Avropada deyil, digər qitələrdə də böyük maraqla qarşılanır. Avstraliyada da mövsümün ilk avrokubok turuna, xüsusilə sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” - “Sabah” oyununa diqqət böyükdür.
İdman.Biz xəbər verir ki, “ESPN Australia” bu qarşılaşmaya xüsusi material həsr edib.
“Cümə axşamı axşamı “Mançester Yunayted” Çempionlar Liqasında debüt edən Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.
Qarşılaşma xüsusi əhəmiyyət daşıyır. “Mançester Yunayted” üçün bu, Avropa Çempionlar Kuboku/Çempionlar Liqasında 300-cü oyun olacaq və mankunianlar bu göstəriciyə çatan ilk İngiltərə klubu kimi tarixə düşəcəklər.
Maraqlıdır ki, Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas 20 il əvvəl klubun futbol məktəbləri şəbəkəsində təcrübə keçib. “Sabah”ın baş direktoru Ramin Həsənovun da Mançesterlə əlaqəsi var. O, 2014-2018-ci illərdə Bakıda fəaliyyət göstərən daimi MUSS (Manchester United Soccer Schools – “Mançester Yunayted” futbol məktəbləri) proqramında çalışıb.
Aydındır ki, “Mançester Yunayted” arxayınlığa yol verə bilməz. Klub azarkeşləri üçün ayıldıcı xatırlatma rolunu oynamalı olan bir statistika var: Avropada komandanın heç bir oyuna qeyri-ciddi yanaşmaq imkanı yoxdur. “Mançester Yunayted” Çempionlar Liqasının qrup/ümumi mərhələsində keçirdiyi son yeddi oyunun yalnız birində qalib gəlib. Bu görüşlərin ikisində heç-heçə edib, dördündə isə məğlub olub.
Bu, üzücü seriyadır. Buna görə də 2026/27 mövsümündə Avropa kampaniyasına çətin rəqib olan debütantla oyunda inamlı başlamaq, şübhəsiz ki, Maykl Karrik və onun komandası qarşısında duran əsas vəzifələrdən biri olacaq.
Daxili çempionatda mövsümün startı da o qədər rahat alınmayıb. Ötən həftəsonu “Everton”un futbolçusu Eynsli Meytland-Naylz son dəqiqələrdə hesabı bərabərləşdirib. Buna görə də mankunianlar son üç ildən sonra ilk dəfə iştirak etdikləri Çempionlar Liqasında oxşar xal itkisinə yol verməməyə çalışacaqlar.
Bu isə o deməkdir ki, bazar günü “Mançester Yunayted”i prinsipial Mançester derbisinin gözləməsinə baxmayaraq, böyük ehtimalla meydana əsas heyətə maksimum yaxın futbolçulardan ibarət komanda çıxacaq.
“Sabah”a gəlincə, cəmi doqquz il əvvəl belə bir klub mövcud deyildi. İndi isə Azərbaycan təmsilçisi Çempionlar Liqasının əsas – qrup və ya ümumi – mərhələsinə yüksələn tarixdə yaş baxımından üçüncü ən gənc klub olub. Bu göstəricidə “Sabah”dan öndə yalnız “Astana” və “Leypsiq” var.
Qeyd edək ki, “Astana” 2009-cu ildə yaradılıb və 2015-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. “Leypsiq” 2009-cu ildə təsis olunub və 2017-ci ildə turnirin əsas mərhələsində debüt edib. “Sabah” isə 2017-ci ildə yaradılıb və 2026-cı ildə Çempionlar Liqasının ümumi mərhələsinə vəsiqə qazanıb.
“Sabah” istənilən gənc klub üçün qaçılmaz olan yüksəliş və enişlərdən keçib. Komanda ilk titulunu yalnız 2025-ci ildə qazanıb. Bakı təmsilçisi həmin il Azərbaycan Kubokunun qalibi olub.
Daha sonra komandaya litvalı mütəxəssis Valdas Dambrauskas rəhbərlik edib. O, ilk mövsümündə “Sabah”la Azərbaycan çempionluğunu və daha bir ölkə kubokunu qazanıb. Komanda mövsüm ərzində 33 oyunluq məğlubiyyətsiz seriyaya imza atıb. Bu uğur sayəsində klub Çempionlar Liqasının təsnifat mərhələsində iştirak etmək hüququ əldə edib və turnirin bütün dörd təsnifat raundunu keçib.
Bu hekayəyə xüsusi rəng qatan məqam isə Dambrauskasın öz bioqrafiyasıdır. Litvalı mütəxəssis heç vaxt hətta yarıpeşəkar səviyyədə belə futbol oynamayıb. Lakin 1990-cı il dünya çempionatından böyük təsir alan Dambrauskas futbol məşqçisi olmaq qərarına gəlib.
2002-ci ildə 25 yaşlı Dambrauskas Litvada televiziya viktorinasında təxminən 1000 funt (1400 dollar) qazanıb və bu pulları İngiltərədə təhsil almağa xərcləyib. Orada məşqçilik təhsili alan mütəxəssis fəaliyyətinə yerli uşaq futbolunda könüllü kimi başlayıb.
Litva, Latviya, Xorvatiya, Bolqarıstan, Yunanıstan, Kipr, Macarıstan və indi də Azərbaycan. İllər sonra Dambrauskas komandasını Çempionlar Liqası matçında “Old Trafford”un meydanına çıxarmaq üçün yenidən İngiltərəyə qayıdıb.
Dambrauskas deyib:
“Bu, möhtəşəm səyahət olub, amma istəyirəm ki, davam etsin. İnanmaq istəyirəm ki, bu mövsüm yalnız mühüm bir mərhələdir və gələcəkdə həm məni, həm də klubu daha böyük uğurlar gözləyir. Biz işləməyə, öyrənməyə və arzulamağa davam edəcəyik”.
Rəqəmlər nə deyir?
“Mançester Yunayted” 26-cı dəfə Çempionlar Liqasının əsas mərhələsində iştirak edir. Bu, İngiltərə klubları arasında rekord göstəricidir. Komanda sonuncu dəfə turnirdə 2023/24 mövsümündə çıxış edib və həmin vaxt qrupdan çıxa bilməyib.
“Sabah” isə Çempionlar Liqasının qrup/ümumi mərhələsinə yüksələn Azərbaycanın yalnız ikinci klubu olub. İlk belə təmsilçimiz “Qarabağ”dır. Ağdam klubu bu mərhələdə 2017/18 və 2025/26 mövsümlərində çıxış edib”, - deyə “ESPN Australia” qeyd edib.
