Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Real Madrid” və “İnter” arasında keçirilən oyundan (2:1) əvvəl Madrid klubunun azarkeşləri iyulun sonunda Mərakeşdən kütləvi miqrant axını ilə üzləşən Seutaya dəstək aksiyası keçiriblər.
Seuta (ispanca Ceuta) Afrikanın şimalında, Mərakeşlə sərhəddə yerləşən və İspaniyanın muxtar ərazisidir və mütəmadi miqrant axınına məruz qalır.
İdman.Biz xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunun cənub tribunasında azarkeşlər Seutanın minlərlə bayrağını açıblar. Aksiyaya bütün stadion dəstək verib və azarkeşlər təşəbbüsü alqışlarla qarşılayıblar. Tribunadan həmçinin “Seuta satılmır - Seuta müdafiə olunur!” şüarı səsləndirilib.
Əlavə edək ki, kütləvi miqrant axını iyulun 30-31-də baş verib. İspaniya mətbuatının məlumatına görə, on minlərlə miqrant Mərakeşdən qanunsuz şəkildə sərhədi keçib.
