AFFA İntizam Komitəsi “Sabah” və “Qarabağ” klublarının futbolçularını cəzalandırıb.
İdman.Biz xəbər verir ki, buna AFFA U-17 Liqasında keçirilmiş “Qarabağ” - “Sabah” oyununda baş verən hadisələr səbəb olub.
“Sabah”ın futbolçuları Kənan Əliyev və Nizami Nəbiyev hakimlərə qarşı hərəkətlərinə görə cəzalandırılıblar. Qarşılaşmanın 21-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alan Kənan Əliyev, 90+2-ci dəqiqədə dava etdiyinə görə meydandan qovulan Nizami Nəbiyev oyun başa çatdıqdan sonra hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlətdiklərinə görə müvafiq olaraq 6 oyunluq cəzalanıblar.
Bundan əlavə, “Sabah” klubu 1000 manat cərimələnib.
“Qarabağ”ın futbolçusu Ayxan İbadov da dava etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, növbəti 4 oyuna buraxılmayacaq.
Ağdam təmsilçisinin digər oyunçusu İbrahim Sadiqli isə 90+2-ci dəqiqədə hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan qovulub. O, 5 oyunluq diskvalifikasiya edilib.
Bundan əlavə, AFFA U-17 Liqasında keçirilmiş “İmişli” – “Şamaxı” oyununda qonaq komandanın köməkçi məşqçisi Tərlan İsgəndərov 68-ci dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. O, bu səbəbdən növbəti 5 oyunda texniki zonada yer ala bilməyəcək.
AFFA Gənclər Liqasında keçirilmiş “İmişli” – “Turan Tovuz” matçında isə qonaq komandanın futbolçusu Uğur Kişiyev 90-cı dəqiqədə oyun bərpasını ləngitdiyinə görə ikinci sarı vərəqə alaraq meydanı tərk edib. O, qırmızı vərəqədən sonra hakimi təhqir etdiyinə görə növbəti 6 oyunda iştirak edə bilməyəcək.
“Turan Tovuz” klubu isə 1000 manat cərimə ödəyəcək.
