İspaniya La Liqasının dördüncü turunda “Espanyol” öz meydanında “Sevilya” ilə 1:1 hesablı heç-heçə edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın 56-cı dəqiqəsində qonaqların müdafiəçisi Aruna Sanqante qırmızı vərəqə alaraq meydandan qovulub.
Buna baxmayaraq, hesabı “Sevilya” açıb. Lukas Stassin 86-cı dəqiqədə fərqlənərək qonaqları önə keçirib.
“Espanyol” məğlubiyyətdən son saniyələrdə xilas olub. Markos Fernandes 90+8-ci dəqiqədə qol vuraraq yekun hesabı müəyyənləşdirib – 1:1.
Bu nəticədən sonra “Sevilya” yeddi xalla turnir cədvəlində səkkizinci, “Espanyol” isə dörd xalla 13-cü pillədə qərarlaşıb.
Növbəti turda “Sevilya” sentyabrın 11-də “Valensiya”nı qəbul edəcək. “Espanyol” isə bir gün sonra səfərdə “Osasuna” ilə qarşılaşacaq.
22:39
İspaniya La Liqasının dördüncü turunda “Alaves” öz meydanında “Osasuna”nı 5:2 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, meydan sahibləri 27-ci dəqiqədə Lukas Boyenin qolu ilə hesabı açıblar. Ona Mariano Dias assist edib. 36-cı dəqiqədə Dias özü fərqlənərək hesabı 2:0 edib.
İkinci hissənin əvvəlində Ante Budimir “Osasuna”nın ilk qolunu vurub. Lakin 51-ci dəqiqədə Boye dublunu rəsmiləşdirib. Budimir də görüşdə ikinci dəfə fərqlənərək hesab arasındakı fərqi azaldıb.
68-ci dəqiqədə Boye het-trikini tamamlayıb. Qarşılaşmada son nöqtəni Pablo İbanyes qoyub – 5:2.
Turun digər oyununda “Malaqa” “Levante”ni qəbul edib. Qarşılaşmada hesab açılmayıb - 0:0.
“Malaqa” doqquzuncu dəqiqədə hesabı açmağa yaxın olub, lakin Çupe penaltidən yararlana bilməyib. İkinci hissədə də tərəflər qol vura bilməyiblər.
20:24
İspaniya La Liqasının dördüncü turunda “Valensiya” və “Barselona” üz-üzə gəlib.
İdman.Biz xəbər verir ki, “Mestalla” stadionunda keçirilən qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesab altıncı dəqiqədə açılıb. Lamin Yamal fərqlənərək “Barselona”nı önə keçirib. 22-ci dəqiqədə Fermin Lopes hesab arasındakı fərqi iki topa çatdırıb.
İkinci hissədə Kataloniya təmsilçisinin üstünlüyü daha da artıb. 50-ci dəqiqədə Rafinya üçüncü qolu vurub. 79-cu dəqiqədə Pedri fərqlənib, 84-cü dəqiqədə isə Lamin Yamal özünün ikinci, komandasının beşinci qoluna imza atıb.
Beləliklə, “Barselona” mövsümün ilk dörd turunun hamısında qalib gəlib və 12 xalla turnir cədvəlinə vahid liderlik edir. Kataloniya klubu “Betis” və “Real”ı üç xal qabaqlayır.
“Valensiya” isə bir xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.
Növbəti turda “Barselona” sentyabrın 13-də səfərdə “Levante” ilə, “Valensiya” isə sentyabrın 11-də “Sevilya” ilə qarşılaşacaq.
