Futbol tarixinin ən böyük fərdi rəqabətlərindən biri Kriştianu Ronaldu və Lionel Messi arasında yaşanıb. Portuqaliyalı ulduz beş, argentinalı isə səkkiz dəfə “Qızıl top” mükafatını qazanıb. Lakin onların ümumilikdə 13 mükafatının hamısının ədalətli olub-olmaması indiyədək müzakirə edilir.
İdman.Biz xəbər verir ki, tribuna.com-un müəllifi Anton Bezverxiy 2026-cı il “Qızıl top” mərasimi ərəfəsində hər iki futbolçunun mükafatlarını ayrı-ayrılıqda təhlil edib. Oktyabrın 26-da Londonda keçiriləcək mərasimdən əvvəl dərc olunan yazıda əsas diqqət fərdi göstəricilərlə komanda uğurlarının qiymətləndirilməsi arasındakı fərqlərə yönəldilib.
Müəllifin qənaətinə görə, Ronaldunun beş mükafatından ikisi müəyyən suallar doğurur. Messinin səkkiz mükafatından isə bir neçəsi ciddi mübahisələrə səbəb olub.
Ronaldunun beş “Qızıl top”u
2008-ci il: Mübahisəsiz üstünlük
Ronaldunun ilk “Qızıl top”u müəllifin fikrincə, onun ən ədalətli mükafatlarından biridir.
Portuqaliyalı futbolçu həmin mövsüm “Mançester Yunayted”in əsas lideri olub. Komanda Çempionlar Liqasını qazanıb, Ronaldu isə turnirin bombardiri adını əldə edib.
O, Premyer Liqada 31 qol vuraraq bombardir olub, bütün turnirlərdə isə 42 dəfə fərqlənib.
Əsas rəqiblərindən Messi yüksək fərdi səviyyə nümayiş etdirsə də, “Barselona” La Liqanı üçüncü pillədə başa vurub və böyük titul qazana bilməyib. Üçüncü yeri tutan Fernando Torres isə İspaniya millisi ilə Avropa çempionu olub və finalda Almaniyaya qələbə qolunu vurub.
Bununla belə, müəllif Ronaldunun həm fərdi məhsuldarlıq, həm də komanda uğurları baxımından daha üstün olduğunu düşünür.
2017-ci il: Çempionlar Liqasında həlledici çıxış
Ronaldunun beşinci “Qızıl top”unu qazanmasında “Real Madrid”in uğurları əsas rol oynayıb.
Madrid klubu 2016/2017 mövsümündə La Liqanın və Çempionlar Liqasının qalibi olub. Ronaldu isə Avropanın ən nüfuzlu klub turnirinin həlledici mərhələlərində xüsusi fərqlənib.
O, “Bavariya” ilə iki oyunda beş qol vurub, “Atletiko”ya qarşı yarımfinalın ilk görüşündə het-trik edib, “Yuventus”la finalda isə iki dəfə fərqlənib. “Real Madrid” həmin qarşılaşmanı 4:1 hesabı ilə qazanıb.
Portuqaliyalı 2017-ci təqvim ilində klub və milli komanda səviyyəsində 54 matçda 48 qol vurub.
Messi məhsuldarlıq baxımından güclü il keçirsə də, “Barselona” yalnız İspaniya Kubokunu qazanıb.
Müəllif Ronaldunun bu mükafata layiq görüldüyünü əsaslandırılmış qərar hesab edir.
2016-cı il: Ronaldo, yoxsa Qrizmann?
Bu il “Qızıl top” uğrunda mübarizədə Antuan Qrizmannın da ciddi şansı olub.
Fransalı hücumçu “Atletiko” ilə Çempionlar Liqasının, Fransa millisi ilə isə Avropa çempionatının finalına yüksəlib. Lakin hər iki qarşılaşmada məğlub olub.
Ronaldu isə “Real Madrid”lə Çempionlar Liqasını, Portuqaliya millisi ilə Avropa çempionatını qazanıb.
Avropa çempionatının finalında Ronaldu zədə səbəbindən 25-ci dəqiqədə meydanı tərk edib. Qələbə qolunu Eder vurub. Qrizmann isə turnirin bombardiri olub.
Müəllif hesab edir ki, Ronaldu komanda titulları baxımından üstün olsa da, Qrizmannın fərdi çıxışı ən azı onun qədər güclü olub. Buna baxmayaraq, Ronaldunun qalibiyyətini ədalətsiz adlandırmır.
2014-cü il: Manuel Noyer niyə üçüncü oldu?
2014-cü ildə Ronaldu 60 oyunda 61 qol vurub. O, Çempionlar Liqasında 17 qolla turnirin bir mövsüm üzrə bombardirlik rekordunu müəyyənləşdirib.
Portuqaliyalı “Real Madrid”lə Çempionlar Liqasını, İspaniya Kubokunu, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.
Lakin onun əsas rəqiblərindən biri Almaniya millisinin qapıçısı Manuel Noyer olub.
Noyer “Bavariya” ilə Bundesliqa və Almaniya Kubokunun, Almaniya millisi ilə dünya çempionatının qalibi olub. Mundialın ən yaxşı qapıçısı seçilən almaniyalı futbolçu qapıçı mövqeyinə fərqli yanaşması ilə də diqqət çəkib.
Messi isə Argentina millisinin dünya çempionatının finalına yüksəlməsində mühüm rol oynayıb və turnirin ən yaxşı futbolçusu seçilib.
Səsvermədə Ronaldu birinci, Messi ikinci, Noyer üçüncü olub. Argentinalı futbolçu almaniyalı qapıçını cəmi 0,04 faiz bəndi qabaqlayıb.
Müəllifin əsas iradı Noyerə yönələn münasibətlə bağlıdır. Onun fikrincə, qapıçıların uğurları hücumçuların qolları qədər qiymətləndirilməyib.
2013-cü il: Riberinin mükafatı əlindən alındı?
Ronaldunun ən çox müzakirə edilən “Qızıl top”u 2013-cü ilə təsadüf edir.
Portuqaliyalı həmin il 59 matçda 69 qol vurub, lakin komandası ilə heç bir titul qazana bilməyib.
Fransalı Frank Riberi isə “Bavariya” ilə Bundesliqa, Almaniya Kuboku və Çempionlar Liqasının qalibi olub. O, UEFA tərəfindən Avropanın ən yaxşı futbolçusu da seçilib.
Mübahisənin əsas səbəblərindən biri səsvermənin müddətinin uzadılmasıdır.
Əvvəlcə səsvermənin noyabrın 15-də başa çatması nəzərdə tutulsa da, FIFA kifayət qədər səs toplanmadığını əsas gətirərək müddəti noyabrın 29-dək uzadıb.
Bu müddətdə Ronaldu İsveçlə dünya çempionatının seçmə mərhələsinin pley-off oyununda het-trik edərək Portuqaliyanın mundiala vəsiqə qazanmasına kömək edib.
Nəticədə Ronaldu birinci, Riberi isə üçüncü olub.
Məqalədə vurğulanır ki, yalnız jurnalistlərin səs verdiyi əvvəlki sistem tətbiq olunsaydı, mükafatı Riberi qazanacaqdı. Milli komandaların kapitanları və baş məşqçilərinin səsləri isə yekun nəticəyə təsir göstərib.
Riberi sonradan bütün əsas titulları qazandığını, Ronaldunun isə həmin il komanda mükafatı əldə etmədiyini xatırladaraq nəticədən narazılığını ifadə edib.
Müəllif bu qərarı Ronaldunun beş mükafatı arasında ən mübahisəlisi hesab edir. Bununla belə, səsvermə müddətinin qəsdən portuqaliyalının xeyrinə dəyişdirildiyinə dair sübut təqdim etmir.
Messinin səkkiz “Qızıl top”u
2009-cu il: Tarixi mövsümün mükafatı
Messi ilk “Qızıl top”unu 2009-cu ildə qazanıb.
“Barselona” həmin mövsüm La Liqa, İspaniya Kuboku və Çempionlar Liqasının qalibi olub. Kataloniya klubu Avropa turnirinin finalında Ronaldunun çıxış etdiyi “Mançester Yunayted”i məğlub edib.
Messi Çempionlar Liqasının bombardiri olub və finalda da qol vurub.
Səsvermədə 96 jurnalistdən 90-ı birinci yeri argentinalıya verib. O, mümkün 480 xaldan 473-nü toplayaraq böyük üstünlüklə qalib gəlib.
Müəllif bu mükafatın ədalətliliyinə şübhə olmadığını düşünür.
2011-ci il: Messi rəqiblərini geridə qoydu
2010/2011 mövsümündə “Barselona” La Liqa və Çempionlar Liqasını qazanıb.
Messi Avropa turnirində 12 qolla bombardir olub, “Mançester Yunayted”ə qarşı 3:1 hesablı final qələbəsində də fərqlənib.
Ronaldu La Liqada 40 qol vuraraq “Qızıl buts” mükafatını qazanıb və “Real Madrid”lə İspaniya Kubokuna sahib çıxıb.
Digər namizəd Xavi isə “Barselona”nın oyun qurucusu kimi böyük rol oynayıb.
Səsvermədə Messi 47,88, Ronaldu 21,60, Xavi isə 9,23 faiz səs toplayıb.
Məqalədə argentinalının həm bombardir, həm də hücumların təşkilatçısı kimi üstünlüyü xüsusi qeyd olunur.
2015-ci il: “Barselona”nın növbəti üçlüyü
Messi 2015-ci ildə ikiillik fasilədən sonra yenidən “Qızıl top”u qazanıb.
Luis Enrikenin rəhbərlik etdiyi “Barselona” La Liqa, İspaniya Kuboku və Çempionlar Liqasının qalibi olub.
Argentinalı futbolçu “Bavariya” ilə Çempionlar Liqasının yarımfinalında iki qol vurub. Onun Jerom Boatenqi keçərək Manuel Noyerin qapısına göndərdiyi top mövsümün ən yaddaqalan epizodlarından birinə çevrilib.
Messi “Atletik Bilbao” ilə İspaniya Kubokunun finalında iki, “Sevilya” ilə UEFA Superkuboku matçında isə cərimə zərbələrindən iki qol vurub.
Ronaldu məhsuldarlıq baxımından güclü olsa da, “Real Madrid” əsas titulları qazana bilməyib.
Neymar da ciddi namizədlərdən biri kimi göstərilib. Lakin müəllif Messinin komandanın hücum oyununa daha geniş təsir göstərdiyini düşünür.
2012-ci il: 91 qol bütün titulları üstələdi
Messinin 2012-ci ildə qazandığı “Qızıl top” fərdi göstəricilərlə komanda uğurlarının müqayisəsi baxımından xüsusi yer tutur.
Argentinalı futbolçu təqvim ili ərzində 69 matçda 91 qol vurub. Bunlardan 79-u “Barselona”, 12-si Argentina millisinin heyətində qeydə alınıb.
O, həmçinin 24 məhsuldar ötürmə edib. Beləliklə, ümumilikdə 115 qol epizodunda birbaşa iştirak edib.
Messi 2011/2012 mövsümündə La Liqada 50 qol vuraraq rekord müəyyənləşdirib.
Bununla belə, Ronaldu “Real Madrid”lə La Liqanın qalibi olub, İspaniya millisinin yarımmüdafiəçisi Andres İnyesta isə Avropa çempionluğunu qazanıb.
İnyesta həmin ilin avqustunda UEFA tərəfindən Avropanın ən yaxşı futbolçusu seçilib.
“Qızıl top” səsverməsində Messi 41,60, Ronaldu 23,68, İnyesta isə 10,91 faiz səs toplayıb.
Müəllif hesab edir ki, komanda titullarının azlığına baxmayaraq, 91 qolluq rekord Messinin qalibiyyətini əsaslandırır.
2019-cu il: Van Deykdən cəmi yeddi xal üstün
2019-cu ilin “Qızıl top”u ən gərgin səsvermələrdən biri ilə yadda qalıb.
Messi 2018/2019 mövsümündə La Liqada 36, Çempionlar Liqasında 12 qol vuraraq hər iki turnirin bombardiri olub. O, altıncı dəfə Avropanın “Qızıl buts” mükafatını qazanıb.
Lakin “Barselona” Çempionlar Liqasının yarımfinalında “Liverpul”a məğlub olub. Kataloniyalılar ilk oyunda 3:0 qalib gəlsələr də, cavab görüşündə 0:4 hesabı ilə uduzublar.
Messinin əsas rəqibi “Liverpul”un müdafiəçisi Vircil van Deyk olub.
Niderlandlı futbolçu komandasının Çempionlar Liqasını qazanmasında mühüm rol oynayıb. O, İngiltərə Peşəkar Futbolçular Assosiasiyası və UEFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilib.
Yekun səsvermədə Messi 686, Van Deyk isə 679 xal toplayıb.
Maraqlıdır ki, daha çox jurnalist birinci yeri Van Deykə verib: 68 nəfər niderlandlıya, 61 nəfər isə Messiyə səs verib.
Avropalı jurnalistlərin səslərində də Van Deyk üstün olub. Messi isə digər regionlarda daha çox dəstək qazanıb.
Məqalədə “The Independent”in hesablamasına da yer verilir. Həmin təhlilə görə, afrikalı jurnalistlərin bülletenlərində Sadio Mane ilə Van Deykin yerləri dəyişsəydi, digər səslər eyni qalmaq şərtilə mükafatı niderlandlı müdafiəçi qazanacaqdı.
2023-cü il: Messi, yoxsa Holand?
2023-cü ildə Messinin səkkizinci “Qızıl top”unu qazanması da mübahisələrə səbəb olub.
Argentinalının əsas üstünlüyü 2022-ci il dünya çempionatında milli komandasını qələbəyə aparması idi.
Lakin onun əsas rəqibi Erlinq Holand “Mançester Siti” ilə möhtəşəm mövsüm keçirmişdi.
Norveçli hücumçu Premyer Liqada 36 qol vuraraq 38 oyunluq mövsümlər üzrə rekord müəyyənləşdirib. Çempionlar Liqasında isə 12 dəfə fərqlənib.
Holand hər iki turnirin bombardiri olub, komandası isə Premyer Liqa, İngiltərə Kuboku və Çempionlar Liqasını qazanıb.
O, UEFA tərəfindən mövsümün ən yaxşı futbolçusu da seçilib.
Məqalə müəllifi Holandın namizədliyinin zəif tərəfini də qeyd edir: hücumçu Çempionlar Liqasının “Real Madrid”lə yarımfinal görüşlərində və “İnter”lə finalda qol vura bilməyib.
Digər namizəd Kilian Mbappe isə 2022-ci il dünya çempionatında yüksək səviyyəli çıxışı ilə fərqlənib.
Messinin qalibiyyətini tənqid edənlər arasında Lotar Matteus da olub. Almaniyalı mütəxəssis dünya çempionatının nəticəsinin digər uğurlardan daha üstün tutulduğunu düşünürdü.
Pep Qvardiola isə mübahisəyə fərqli yanaşıb. Onun fikrincə, “Qızıl top” sanki iki kateqoriyaya bölünməlidir: biri Messi, digəri qalan futbolçular üçün.
Messi özü də mükafatlandırma mərasimində Holandın uğurlarını yüksək qiymətləndirərək norveçli hücumçunun bu mükafata layiq olduğunu söyləyib.
2021-ci il: Levandovskinin əldən çıxan fürsəti
2021-ci ilin “Qızıl top”u Robert Levandovski ilə bağlı mübahisələrlə yadda qalıb.
Bir il əvvəl koronavirus pandemiyası səbəbindən mükafat təqdim edilməmişdi. Həmin vaxt “Bavariya”nın polşalı hücumçusu əsas favorit sayılırdı.
Levandovski 2020/2021 mövsümündə Bundesliqada 29 oyunda 41 qol vuraraq Gerd Müllerin uzun illər davam edən rekordunu yeniləyib.
Məqalədə onun klub və milli komanda səviyyəsində 59 matçda 69 qol vurduğu, Messinin isə 60 görüşdə 43 dəfə fərqləndiyi qeyd olunur.
Argentinalının əsas üstünlüyü Amerika Kubokunu qazanması idi. Bu, onun milli komanda ilə ilk böyük titulu olub.
Səsvermədə Messi 613, Levandovski isə 580 xal toplayıb.
Mükafatı qəbul edərkən Messi “France Football” jurnalını 2020-ci ilin ləğv edilmiş “Qızıl top”unu Levandovskiyə təqdim etməyə çağırıb.
Müəllifin fikrincə, polşalı futbolçunun fərdi məhsuldarlığı o qədər yüksək idi ki, onun mükafatsız qalması ciddi suallar doğururdu.
Yurgen Klopp da həmin vaxt Levandovskinin qalib gəlməməsini tənqid etmişdi.
2010-cu il: Snayderin üçüncülüyə belə düşməməsi
Messinin mükafatları arasında ən çox müzakirə edilənlərdən biri 2010-cu ilə aiddir.
Argentinalı futbolçu həmin il “Barselona” ilə La Liqanın qalibi olub. Lakin Çempionlar Liqasında Joze Mourinyonun çalışdırdığı “İnter”ə məğlub olub.
Milan klubu isə A Seriyası, İtaliya Kuboku və Çempionlar Liqasını qazanaraq tarixi üçlüyə imza atıb.
Komandanın əsas futbolçularından biri Uesli Snayder idi.
Niderlandlı yarımmüdafiəçi həm də milli komandası ilə 2010-cu il dünya çempionatının finalına yüksəlib. O, mundialda beş qol vuraraq turnirin ən məhsuldar futbolçuları sırasında yer alıb.
Braziliya ilə dörddəbir final görüşündə Snayder iki qol vurub və komandasının 2:1 hesablı qələbəsində həlledici rol oynayıb.
Bütün bunlara baxmayaraq, Snayder “Qızıl top” uğrunda səsvermədə ilk üçlüyə belə düşməyib.
Mükafatı Messi qazanıb, Xavi və Andres İnyesta isə digər iki finalçı olublar.
Mourinyo həmin vaxt nəticəni tənqid edib. Snayder isə sonradan mükafatı qazana bilməməsini müəyyən qədər ədalətsiz hesab etdiyini, lakin seçim qarşısında qalsa, “Qızıl top” əvəzinə Çempionlar Liqasının qalibi olmağa üstünlük verəcəyini söyləyib.
Məqalə müəllifi 2010-cu ili Messinin ən mübahisəli qələbələrindən biri kimi qiymətləndirir. Onun fikrincə, həm Snayderin, həm də Xavinin mükafatı qazanmaq üçün ciddi əsasları olub.
13 mükafatın əsas mübahisəsi
Tribuna.com-un təhlilində Ronaldu və Messinin futbol tarixindəki mövqeyi şübhə altına alınmır. Əsas müzakirə fərdi mükafatların hansı meyarlarla təqdim edilməsi ətrafında qurulur.
Ronaldu ilə bağlı ən ciddi mübahisə 2013-cü ildə Frank Riberinin, Messi ilə bağlı isə 2010-cu ildə Uesli Snayderin, 2021-ci ildə Robert Levandovskinin və 2023-cü ildə Erlinq Holandın şansları üzərində cəmlənir.
2014-cü ildə Manuel Noyerin, 2019-cu ildə Vircil van Deykin nəticələri də fərdi məhsuldarlıqla komanda uğurlarının nə dərəcədə balanslaşdırıldığı sualını gündəmə gətirir.
Müəllifin gəldiyi nəticə budur ki, “Qızıl top”un sahibini müəyyənləşdirərkən bəzən qollar və rekordlar, bəzən böyük titullar, bəzən isə dünya çempionatındakı çıxış həlledici rol oynayıb. Məhz bu fərqli yanaşmalar Ronaldo və Messinin 13 mükafatı ətrafındakı mübahisələri bu gün də aktual saxlayır.
