FIFA nümayəndəsi: “Bakıda idman tarixinin ən böyük milli komandalar turniri keçirilir”

25 Oktyabr 2026 10:23
110
FIFA nümayəndəsi: “Bakıda idman tarixinin ən böyük milli komandalar turniri keçirilir”

Bakıda keçirilən 15 yaşadək futbolçular arasında tarixdə ilk dünya çempionatı və festivalının təşkilini FIFA-nın yüksək səviyyəli idmançıların hazırlanması üzrə baş mütəxəssisi Hannu Tihinen yüksək qiymətləndirib.

İdman.Biz FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, beynəlxalq federasiyanın texniki araşdırma qrupunun üzvü olan Finlandiya millisinin sabiq futbolçusu 189 milli assosiasiyanın nümayəndələrini bir araya gətirən irimiqyaslı turnirlə bağlı təəssüratlarını bölüşüb.

“Bu, möhtəşəmdir. Turnir futbol vasitəsilə dünyanı birləşdirməyin nə demək olduğunu əyani şəkildə göstərir. Müxtəlif ölkələrin komandalarının bir-birinə qarşı oynadığını, daha sonra isə idmançılar kəndində ünsiyyət qurduğunu görəndə bunun nə qədər inanılmaz hadisə olduğunu anlayırsan”, - deyə Tihinen bildirib.

FIFA nümayəndəsi Azərbaycan paytaxtında keçirilən yarışın miqyasına xüsusi diqqət çəkib.

“Biz bütün idman növlərinin tarixində milli komandalar arasında keçirilən ən böyük turnirdən danışırıq. Bu, həqiqətən təsiredicidir. Bu futbolçular üçün baş verənlər unudulmaz hadisəyə çevriləcək. Biz onlara bacarıqlarını bütün dünyaya nümayiş etdirmək imkanı yaradırıq”, - deyə o vurğulayıb.

Tihinenin sözlərinə görə, Bakıda yarışın təşkili yüksək qiymətə layiqdir. İdmançılar kəndində üç gün keçirən mütəxəssis iştirakçılar üçün yaradılan şəraiti xüsusi qeyd edib.

“İdmançılar kəndi və turnirin təşkili heyranedicidir. Yarışların mümkün qədər səmərəli və yüksək səviyyədə keçirilməsi üçün hər şeyi daim planlaşdırmaq və əlaqələndirmək lazımdır”, - deyə FIFA nümayəndəsi bildirib.

O, həmçinin Azərbaycanda keçirilən çempionatın əhəmiyyətinin idman nəticələrindən daha geniş olduğunu vurğulayıb. Bir çox gənc futbolçu üçün Bakıya səfər ilk xarici səyahət və başqa ölkələrdən olan həmyaşıdları ilə tanışlıq imkanı olub.

“Müxtəlif komandaların nümayəndələrinin ünsiyyət qurduğunu, bir-birinin mədəniyyətini öyrəndiyini, birlikdə mahnı oxuyub rəqs etdiyini görəndə inanılmaz təəssürat yaranır. Bu uşaqların bəziləri ilk dəfə xaricə səfər ediblər. Belə təcrübə onların inkişafı üçün əvəzsizdir”, - deyə Tihinen əlavə edib.

U-15 dünya çempionatı FIFA-nın Qlobal Futbol İnkişafı Departamentinin rəhbəri Arsen Vengerin kuratorluq etdiyi İstedadların İnkişafı Proqramı (Talent Development Scheme) çərçivəsində keçirilir. Proqramın əsas məqsədi perspektivli futbolçulara mənsub olduqları ölkədən asılı olmayaraq potensiallarını üzə çıxarmaq üçün bərabər imkanlar yaratmaqdır.

Ümumilikdə Bakıda təxminən 1000 oyunun keçirilməsi planlaşdırılır. Qarşılaşmaların əsas hissəsi Hövsan İdman Kompleksində, açılış matçı və müxtəlif səviyyələr üzrə final oyunları isə “Baku Crystal Hall”da təşkil olunur.

Yarışlar 8-ə 8 formatında keçirilir. Hər qarşılaşma 20 dəqiqəlik iki hissədən ibarətdir.

“Bu turnir təkcə qələbələrdən ibarət deyil. Bəzi komandalar üçün inkişaf və beynəlxalq təcrübə qazanmaq daha vacibdir. Əsas məsələ sadəcə qalib gəlmək deyil, öyrənmək, təkmilləşmək və futboldan zövq almaqdır”, - deyə Tihinen fikrini yekunlaşdırıb.

Xatırladaq ki, tarixdə ilk FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 24-də Azərbaycan paytaxtında başlayıb və oktyabrın 30-dək davam edəcək.

İdman.Biz