Futbol millmiz U-15 dünya çempionatında daha iki oyun keçirəcək

25 Oktyabr 2026 10:28
119
Futbol millmiz U-15 dünya çempionatında daha iki oyun keçirəcək

Bakıda təşkil olunan 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında Azərbaycan millisi bu gün növbəti matçlarına çıxacaq.

İdman.Biz xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi komanda turnirdə daha iki oyun keçirəcək.

Yığma saat 12:45-də Andorra, 19:30-da isə Avstraliya millisi ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Azərbaycan millisi turnirə uğurlu start verib. Komanda ilk matçında Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib. Qarşılaşma Bakı Kristal Zalında keçirilib.

Millimiz oktyabrın 26-da da iki oyun keçirəcək. Futbolçular saat 11:30-da İsrail, 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcəklər. Bu matçlar da Hövsan Yarış Kompleksinin 10A meydançasında təşkil olunacaq.

Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək dünya çempionatı və festivalında FIFA-ya üzv 189 milli assosiasiyanın komandaları mübarizə aparırlar. Turnir çərçivəsində 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.

Yarışın əsas qarşılaşmaları Hövsan Yarış Kompleksində, final görüşü isə Bakı Kristal Zalında baş tutacaq.

İdman.Biz