“Sabah” - “Qarabağ”: Ağdam klubu altı oyunluq seriyanı qırmaq istəyir

25 Oktyabr 2026 09:44
128
“Sabah” - “Qarabağ”: Ağdam klubu altı oyunluq seriyanı qırmaq istəyir

Futbol üzrə Misli Premyer Liqasının doqquzuncu turunun mərkəzi oyununda 25 oktyabrda “Sabah” “Qarabağ”ı qəbul edəcək.

İdman.Biz xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da Mərdəkanda - “Sabah Arena”da başlayacaq. Görüşü Rəşad Əhmədov idarə edəcək.

“Sabah” yeddi oyundan sonra 19 xalla turnir cədvəlinə başçılıq edir. Komanda bu matçlarda 18 qol vurub, cəmi bir qol buraxıb. Üçüncü pillədəki “Qarabağ” eyni sayda oyunda 17 xal toplayıb. Hər iki komanda çempionatda hələ məğlub olmayıb. 24 oktyabrda “Turan Tovuz”la 1:1 hesabı ilə heç-heçə edən “Neftçi” 18 xalla ikinci pilləyə yüksəlib. “Sabah” qalib gəlsə, “Qarabağ”la xal fərqini beşə çatdıracaq.

Komandalar çempionatda indiyədək 30 dəfə üz-üzə gəlib. Ümumi statistikada “Qarabağ”ın üstünlüyü var: Ağdam klubu 15 qələbə qazanıb, “Sabah” dörd dəfə qalib gəlib, 11 oyun heç-heçə ilə bitib. Top fərqi 54:30-dur. Rəqabətin ən böyük hesabı 4 dekabr 2021-ci ildə qeydə alınıb, “Qarabağ” doğma meydanda “Sabah”ı 5:1 hesabı ilə məğlub edib. “Sabah” Ağdam klubu üzərində ilk qələbəsini 16 aprel 2023-cü ildə 2:1 hesabı ilə qazanıb.

Son illərdə qüvvələr nisbəti dəyişib. “Qarabağ” son altı qarşılaşmada rəqibinə qalib gələ bilməyib, bu oyunlarda “Sabah” iki qələbə qazanıb, dörd görüş heç-heçə ilə bitib. “Sabah” son 10 matçın hamısında qol vurub. Komandalar arasında sonuncu oyun 18 aprel 2026-cı ildə keçirilib, “Sabah” səfərdə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Sabah” əvvəlki matçında Dortmund “Borussiya”sına 1:2 hesabı ilə uduzub, çempionatdakı son oyununda isə “Qəbələ”ni 4:0 hesabı ilə məğlub edib. “Qarabağ” əvvəlki matçında “Neftçi” ilə 3:3 hesabı ilə heç-heçə edib.

İdman.Biz