Məşhur futbolçu derbiyə tankla getməsinin səbəbini açıqlayıb

25 Oktyabr 2026 11:02
92
Məşhur futbolçu derbiyə tankla getməsinin səbəbini açıqlayıb

İngiltərə millisinin və “Vest Hem”in sabiq futbolçusu Karlton Koul karyerası ərzində yaşadığı ən qeyri-adi hadisələrdən birini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 43 yaşlı keçmiş hücumçu İndoneziyada çıxış etdiyi dövrdə derbi oyununa tankla getmək məcburiyyətində qaldığını bildirib.

2017-ci ildə İndoneziyanın “Persib Bandunq” komandasına qoşulan Koul yerli azarkeşlər arasındakı düşmənçiliyin miqyasından təəccüblənib. Xüsusilə “Persib Bandunq”la “Persija Cakarta” arasındakı derbi onun yaddaşında qalıb.

Sabiq futbolçunun sözlərinə görə, azarkeşlərin mümkün hücumlarından qorunmaq üçün komandanın oyun yerinə hərbi texnika ilə aparılması qərara alınıb.

“İnanmaq çətin olsa da, İndoneziyada futbol xuliqanlığı mövcuddur. Qəribədir, sanki onlar “Green Street” filminə baxıb düşünürlər ki, futbol matçına getmək üçün mütləq dava etmək lazımdır. Yerli derbiyə getmək üçün tanka mindim”, - deyə Koul bildirib.

Həmin vaxt onunla birlikdə “Persib Bandunq”da çıxış edən digər tanınmış futbolçu Maykl Essyen də bu hadisənin iştirakçısı olub.

“Orada Maykl Essyenlə birlikdə idim. Əgər avtobusla getsəydik, azarkeşlər bizə kərpic atacaqdılar. Özümü sanki müharibəyə gedirmiş kimi hiss edirdim. Onlar futbolu çox sevirlər. Amma komandaya azarkeşlik etməyin necə olmamalı olduğunu da göstərirlər”, - deyə keçmiş hücumçu əlavə edib.

Qeyd edək ki, Karlton Koul karyerasının böyük hissəsini İngiltərədə keçirib. O, “Çelsi” və “Vest Hem” komandalarında çıxış edib, həmçinin İngiltərə millisinin formasını geyinib.

Maykl Essyen isə 2019/2020-ci il mövsümündə “Sabail” klubunun formasını geyinib və 14 oyunda meydana çıxıb.

İdman.Biz