“Oyunu istədiyimiz kimi başladıq və hesabı açdıq. Amma fasilədən sonra hər şey fərqli alındı”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XIII turunda 1:2 hesabı ilə uduzan “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.
Rumıniyalı mütəxəssis komandasının dogma azarkeşlər qarşısında “Sumqayıt”a məğlubiyyətinə şərh verib. Mutu “Neftçi”nin ev oyunlarındakı uğursuzluğuna izah tapa bilmədiyini bildirib: “Komanda səfərdə daha yaxşı nəticələr qazanır. 14 xal toplamışıq. Amma eyni sözləri ev oyunları barədə deyə bilmirəm. Niyə belə olduğuna açıqlama verməkdə çətinlik çəkirəm. Təcrübəli futbolçularımız var. Hücum xəttində çıxış edən oyunçular daha yaxşı performans nümayiş etdirməlidirlər. Komanda üzərində təzyiq yoxdur, bu çatışmazlığı aradan qadırmalıyıq”.
Təcrübəli mütəxəssis “Neftçi”nin futbolçusu Azər Əliyevlə rəqib baş məşqçi Samir Abbasov arasında yaşanmış gərginliyə də münasibət bildirib: “Samir Abbasov bizim futbolçuları davamlı təhqir edirdi. Bu ucuz şounu şərh etmək istəmirəm. Rəqib baş məşqçi Sumqayıtdakı oyunda da belə davranırdı. Baş məşqçi nümunəvi olmalıdır və rəqibə hörmətlə yanaşmalıdır. Bu, futboldur, qalib də gəlmək olar, uduzmaq da”.
İdman.biz