İsmail Azzaui: “Qarabağ”la matçda yaxşı nəticə qazana bilərik”

Xəbərlər
27 Oktyabr 2023 16:28
İsmail Azzaui: “Qarabağ”la matçda yaxşı nəticə qazana bilərik”

“Ötən həftə ayağımda problem var idi. Zədəm “Qəbələ” ilə oyunda meydana çıxmağa imkan vermədiyinə görə, komandama kömək edə bilmədim”.

İdman.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu İsmail Azzaui deyib.

Azərbaycan Premyer Liqasında “Qarabağ”la oyunun hazırlığını davam etdirən Naxçıvan təmsilçisi bu gün növbəti məşqini reallaşdırıb. Zədəli olduğuna görə Qəbələdə yerli komanda ilə matçda meydana çıxmayan İsmail Azzaui də kollektiv çalışmalarda iştirak edib. O, klubun mətbuat xidmətinə bildirib ki, Azərbaycan çempionu ilə oyuna hazırdır: Bir neçə günlük istirahət və müalicədən sonar artıq kollektivlə birgə məşqlərə qoşulmuşam. “Qarabağ”la oyuna demək olar, 100 faiz hazıram”.

Təcrübəli yarımmüdafiəçi “Qarabağ”la keçiriləcək oyunla bağlı da fikirlərini də açıqlayıb: “Qarabağ” haqda nəsə demək artıqdır. Bu komanda Azərbaycanın ən məşhur və güclü klublarından biridir. Biz də Premyer Liqada keyfiyyətli futbol oynayan kollektivlərdənik. Əlbəttə, çətin və ağır oyun olacaq. Onlarla birinci dövrədəki matçı xatırlayıram. Son dəqiqəyə qədər hesab 1:1 idi, yalnız əlavə olunmuş dəqiqədə vurulan qol bizim xal qazanmağımıza imkan vermədi. Ona görə əvvəlcədən necə olacağını demək mümkün deyil. Biz də yaxşı nəticə qazana bilərik. Meydana bunun üçün çıxacağıq”.

İdman.biz