“Sabah” futbol komandasının müdafiəçisi Timoteuş Puxaç karyerasında ilk dəfə UEFA Çempionlar Liqasında meydana çıxıb.
İdman.Biz xəbər verir ki, polşalı futbolçu “Mançester Yunayted”lə “Old Trafford”da keçirilən matçı tam oynayıb. Bakı təmsilçisi turnirdəki debüt görüşündə rəqibinə 0:4 hesabı ilə məğlub olub.
Puxaç üçün qarşılaşmanın xüsusi məqamlarından biri anası Malqojata Puxaçın da tribunada olması olub. Futbolçu Çempionlar Liqasındakı debütünü izləmək üçün anasını Mançesterə dəvət edib.
Malqojata Puxaç “Canal+Sport”a açıqlamasında matçdan əvvəl yaşadığı emosiyaları bölüşüb:
“Ürəyim çox sürətlə döyünürdü. Oğlumuz haradadırsa, biz də oradayıq. Amma belə şəraitdə burada olacağımızı gözləmirdik. Onun ən böyük arzularından biri gerçəkləşirdi və bu, çox təsirli idi”.
O, oğlunun görüşdən əvvəl qol vuracağını dediyini də açıqlayıb:
“O, çox iddialıdır. Qarşısına hansısa məqsəd qoyursa, ona çatmağa çalışır. Biz də buna görə çox xoşbəxtik. Dedi ki, qol vuracaq, biz də bunu arzulayırdıq”.
Puxaç qol vurmaq istəyini reallaşdıra bilməsə də, ikinci hissədə cərimə zərbəsindən təhlükəli vəziyyət yaradıb. Onun zərbəsindən sonra top qapıdan az fərqlə keçib.
Qeyd edək ki, “Sabah” bu mövsüm dörd təsnifat mərhələsini keçərək tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
