Britaniya nəşri “Sabah”ın cəsarətli oyunundan yazıb

11 Sentyabr 2026 10:09
60
Britaniya nəşri “Sabah”ın cəsarətli oyunundan yazıb

“Sabah” futbol komandası UEFA Çempionlar Liqasının liqa mərhələsində debütünü “Old Trafford”da edib.

İdman.Biz xəbər verir ki, Britaniyanın “The Guardian” nəşri “Mançester Yunayted”in Bakı təmsilçisi üzərində 4:0 hesablı qələbəsini geniş təhlil edib.

Nəşr “Sabah”ın böyük hesabla uduzmasına baxmayaraq, oyuna müdafiəyə çəkilərək başlamadığını xüsusi vurğulayıb. Azərbaycan çempionunun 4-3-3 sxemi ilə meydana çıxdığı, topa nəzarət etməyə və hücuma çıxmağa çalışdığı qeyd olunub.

“The Guardian” “Sabah”ın ilk hissədə real qol imkanının da olduğunu yazıb. 35-ci dəqiqədə Kahim Parris cinahdan ötürmə edib, Coy-Lens Mikels isə əlverişli mövqedən başla zərbəni dəqiq vura bilməyib. Nəşr bu epizodun matçın dönüş nöqtələrindən biri olduğunu bildirib.

“Sabah”ın ilk hissədəki oyununa 0:3 hesabının tam uyğun gəlmədiyi də vurğulanıb. “Mançester Yunayted” fasiləyədək Mateus Kunya, Bruno Fernandeş və Benjamin Şeşkonun qolları ilə böyük üstünlük əldə edib.

Britaniya nəşri “Sabah”ın yarımmüdafiəçisi İvan Lepinitsanın çıxışını ayrıca qeyd edib. Onun topa nəzarətdə sakit və inamlı oyunu müsbət qiymətləndirilib. Buna qarşılıq, Bakı klubunun müdafiədə çox boşluq verdiyi bildirilib.

İkinci hissədə “Mançester Yunayted” oyuna nəzarəti tam ələ alıb. Lisandro Martines son dəqiqələrdə dördüncü qolu vurub. “Sabah” isə Orfe Mbina ilə görüşün sonlarında fərqlənməyə yaxın olsa da, zərbə qapıdan yuxarı keçib.

“The Guardian” yazısında “Sabah”ın hekayəsinə də diqqət çəkib. Nəşr cəmi bir neçə il əvvəl yaradılan klubun ötən mövsüm Azərbaycan çempionu olmasını və Valdas Dambrauskasın rəhbərliyi altında Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsini qeyri-adi uğur kimi qiymətləndirib.

İdman.Biz