“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Azərbaycan Kubokunda “Mingəçevir” üzərində qazanılan 3:0 hesablı qələbəni dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis növbəti mərhələyə yüksəlməyin vacibliyini vurğulayıb.
“Kubok oyununda qalib gəlib növbəti mərhələyə keçmək vacib idi. Çempionatda az oynamış futbolçulara daha çox şans verdik.
Digər vacib məqam o idi ki, oyunu zədəsiz, itkisiz başa vuraq. 90 dəqiqə ərzində oyuna nəzarət etdik. Birinci hissədə 3 qol vurduq. Fasilədən sonra da istəyirdim ki, futbolçular daha çox fərqlənsinlər. Ümumiləşdirsək, bizim üstünlüyümüzlə keçən yaxşı oyun oldu”, - deyə Bekiri bildirib.
Qeyd edək ki, “Qəbələ” Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Mingəçevir”i 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
